Sabiq yəhudi nazir Cənubi Qafqaz uğrunda geosiyasi oyunlar haqda yazıb

post-img

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın populyar “Israel National News” nəşrində “Hindistan niyə İranla razılaşmağa çalışa bilər?” sərlövhəli məqaləsi dərc olunub.

Qeyd olunub ki, ötən ilin aprelində Ermənistan, İran və Hindistan arasında ilk üçtərəfli məsləhətləşmələr keçirilib və bir çox siyasi analitiklərin iddiasına görə, İranın belə üçtərəfli ittifaq yaratmaq cəhdləri Qafqaz regionunda Azərbaycanın Pakistan və Türkiyə ilə strateji müttəfiqliyini balanslaşdırmaq məqsədi daşıyır. Belə ki, Ceymstaun İnstitutunun məlumatına görə, üç ölkə ilk növbədə “iqtisadi məsələlər və regional kommunikasiya kanalları” üzərində dayanıb və “tərəflər üçtərəfli formatda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər”.

Müəllifin fikrincə, hər bir halda, Hindistan artıq Fars körfəzi-Qara dəniz dəhlizində və İran-Hindistan-Ermənistan arasında tranzit və ticarət körpüsü olan İranın Sistan və Bəlucistan əyalətindəki Çabahar limanında əsas rol oynayır. Bu obyektlərin hər ikisi İranın reallaşmasına imkan verməmək üçün səylərini əsirgəmədiyi Azərbaycanın Zəngəzur dəhlizindən tamamilə fərqlidir.

Hindistanın qeyd olunan siyasətini İsrail nöqteyi-nəzərindən narahatedici hal kimi dəyərləndirən sabiq nazir düşünür ki, bu vəziyyət Azərbaycan və Türkiyə ilə birlikdə İsrailin Tehranda mollalarla mübarizə axtarışında tək qalması deməkdir. Hər fürsətdə “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarları səsləndirirən molla rejimi nüvə silahı əldə etməyə getdikcə daha çox yaxınlaşır. Təəssüf ki, xalqlar birliyi sözügedən təhlükəyə qarşı İsraillə həmrəy olmaq əvəzinə, Tehranda mollalarla ticarət və başqa sahələrdə işbirliyinə üstünlük verir.         

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.israelnationalnews.com/news/373665

Anar ƏLİ,

“Xalq qəzeti”

Siyasət