Heydər Əliyevin Naxçıvana rəhbərliyi tarixi rəşadət nümunəsidir

post-img

Keçmiş sovet imperiyasının süqutundan sonra Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin kəsilməsi, quru yolların bağlanması bu diyarın tam blokadaya alınması ilə nəticələnmişdi. Erməni təcavüzünün güclənməsi ilə yanaşı, Azərbaycanın o zamankı rəhbərliyinin muxtar respublikanı siyasi cəhətdən təcrid vəziyyətinə salması da kəskin böhran vəziyyəti yaratmışdı.

Amma belə bir mürəkkəb şəraitdə Naxçıvana rəhbərlik etməli olan ümum­milli lider Heydər Əliyev qonşu Türkiyə və İranla humanitar əlaqələrin qurulmasına nail oldu. Bu dövrdə informasiya bloka­dası da ciddi təhdidləri ilə qalmaqda idi.Rəsmi mediaya Naxçıvanla bağlı qoyulan qadağalar burada baş verənlərin Azərbay­can ictimaiyyətinə çatdırılmasına imkan vermirdi. 

Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana qayıdışı, siyasi fəaliyyətini davam etdir­məsi Azərbaycandan ayrı salınmış muxtar respublikanı siyasi oyunlardan, erməni iş­ğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş təntənəli məra­simdəki nitqində həmin tarixi proseslərin mühüm nəticələrini ümumiləşmiş şəkildə belə ifadə etmişdi: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ət­rafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi”.

Ulu öndər Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətinin mətbuatda işıq­landırılması gedişini 2 hissəyə bölmək olar: böyük siyasətçinin Naxçıvana dö­nüşünün ilkin mərhələsi – 22 iyul 1990-cı ildən muxtar respublikanın Ali Məclisinə sədr seçildiyi 3 sentyabr 1991-ci ilə qədər; Naxçıvana rəhbərliyə başlamasından Ba­kıya siyasi hakimiyyətə dəvət edilməsinə­dək olan müddət. 

Naxçıvana qayıdışının ilk günlərində ulu öndər “Şərq qapısı” qəzeti müxbirinin “Gəlişinizin əsas məqsədi?” sualını belə cavablandırmışdı:

– Əvvəla, mən beş ildir ki, Azərbaycan­da olmamışam. Axı Vətən çəkir, get-gedə daha çox çəkir. İkinci, mənim evində otur­duğum böyük bacım bir neçə il əvvəl vəfat edib. O vaxt mən xəstəxanada olduğum­dan bunu mənə bildirməyiblər. Son vaxt­larda bildiriblər. Mən onun xatirəsini yad etməliydim. Atamın qəbri burada, anamın qəbri Bakıdadır. Onları da ziyarət etməliy­dim, ya yox?”

Doğma Vətəninə rahatlıq tapmaq niy­yəti ilə üz tutan dahi insan daha ciddi bu­rulğanlara düşür, haqsızlıq və şər-böhtan­larla üzləşməli olur. Amma yenə insanların əhatəsindədir, adamlar – təkcə naxçıvan­lılar yox, bütün Azərbaycan xalqı ondan xilas yolunu istəyir. Yüz minlərlə insanın kömək ummasına, təbii ki, ümummilli lider olaraq biganə qala bilməzdi. 

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin sədri seçilməyi ilə əlaqədar “Şərq qapısı” qəzetinin 6 sent­yabr 1991-ci il tarixli sayında dərc edilmiş bəyanatında bu addımın obyektiv və zəruri səbəblərini açıqlanırdı: “Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və bunu hamı bilməlidir, məni Naxçıvan MR Ali Məclisinə sədr seçdilər. Sədr seçilən­dən sonra da mən sədrlik etməkdən imtina etdim. Dünən sessiya keçirilərkən binanın qarşısına minlərlə Naxçıvan əhalisi (təkcə şəhərdən yox, rayonlardan, kəndlərdən gələnlər) kənardan sessiyaya təsir göstə­rir və tələb edirdilər ki, Heydər Əliyev se­çilsin. Onların təzyiqinin qarşısında dura bilməzdim. 

Xalqın bu əhvali-ruhiyyəsini, tələblə­rini, sonra sessiyadakı çıxışları nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin gü­nündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları və­zifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir. Ona görə belə bir ziddiyyətli vəziyyətdəyəm və bu vəziyyətdə də qalıram. Ancaq eyni zaman­da mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddət­də, bu çətin dövrdə yerinə yetirməliyəm”. 

Bu dövrdən Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri kimi ciddi bir statusun daşıyıcısı olması, onun siyasi imkanları­nı genişləndirməklə yanaşı, məsuliyyəti­ni də hədsiz dərəcədə artırdı. Bu barədə sonralar YAP-ın Culfa rayon təşkilatının təsis konfransında demişdi: “Mən Bakıda Amerikanın, Fransanın, Türkiyənin, İra­nın, İngiltərənin və Rusiyanın səfirləri ilə görüşdüm. Geniş söhbət etdik. İngiltərə­nin Moskvadakı səfiri ilə söhbətdə o dedi ki, əgər Amerika Naxçıvana yardım edirsə, biz də Naxçıvana kömək etmək istəyirik. Səfir dedi ki, Siz çox ağır vəziyyətdə ya­şayırsınız. Fransanın səfiri ilə söhbət za­manı o dedi ki, biz də Naxçıvana köməklik edəcəyik. Mən öz növbəmdə çatdırdım ki, əgər Ermənistanın blokadada olmasından danışırsınızsa, Naxçıvan ondan da pis vəziyyətdədir. Birləşmiş Millətlər Təşki­latı qərar qəbul etmişdir ki, Ermənistana köməklik göstərilsin. Əgər əsas səbəb blokada şəraitidirsə, deməli Naxçıvana da köməklik göstərilməlidir. Bill Klinton belə qərar qəbul edib ki, Naxçıvana yardım olunsun. Bunun siyasi əhəmiyyəti çox bö­yükdür”.

Xarici qüvvələrin təcavüz və fitnəkar­lıqları azalmadığı kimi, Azərbaycanın daxi­lində də hakimiyyət uğrunda gedən müba­rizə davam edirdi. Bunlar on birinci çağırış Azərbaycan Ali Sovetinin birinci sesiya­sında açıq şəkildə hiss olundu. “Aydınlq” və “Vətən səsi” qəzetləri deputat Heydər Əliyevin sesiyadakı çıxışının tam mətnini yaymaqla, xalqın böyük siyasətçiyə olan inamını cavablandırdı. Ali Sovetin 7 mart 1991-ci il sesiyasında çıxış edən Heydər Əliyev SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə səs ver­məklə, o zamankı iqtidarın düzgün yolda olmadığını göstərdi. ”Səs” qəzetinin 15 mart tarixli sayında dərc edilmiş bu çıxış Azərbaycanın siyasi həyatında müstəqil­liyə doğru atılan addımın nümunəsi idi.

Heydər Əliyevin təklifi ilə Naxçıvan MR Ali Məclisində ümumittifaq referendumun­da Naxçıvan MR-in iştirak etməməsi barə­də qərarın qəbulu hakimiyyət – Naxçıvan münasibətlərini daha da kəskinləşdirdi. Bu siyasi gərginlik 1991-ci ilin bütün siya­si hadisələrində özünü göstərmiş, dövrün mətbuat orqanlarında ciddi polemikalara yol açmışdır. Hətta Moskvada “avqust qi­yamının” baş verməsi və onun Azərbay­can hakimiyyəti tərəfindən dəstəklənməsi Naxçıvanda ciddi rezonans yaratmışdı. 

Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Dövlət Fövqəladə Vəziyyət Ko­mitəsinə mənfi münasibət bildirməklə, onu dəstəkləyən yerli partiya və sovet orqan­larını ləğv etmişdi. Azərbaycan Respubli­kası Ali Sovetinin növbədənkənar sesiya­sında (29 avqust 1991-ci il) “Respublikada siyasi vəziyyət haqqında” məsələnin mü­zakirəsi zamanı etdiyi çıxışa görə siyasi təqibə məruz qalmış Heydər Əliyev 1993-cü il iyun ayının 13-dək Ali Sovetin sesiya­larında və parlamentin iclaslarında iştirak etməmişdir.

Heydər Əliyevin bu dövrdəki fəaliyyə­yi Naxçıvanın gələcək taleyi və inkişafı ilə bağlı idi. Həmin dövrdə Azərbaycanın ictimai-siyasi həyatındakı hakimiyyət qar­şıdurması, ölkənin və xalqın çətin vəziy­yəti, bu yöndə yolların axtarılması onu dü­şündürən ümdə vəzifələrdən idi. Heydər Əliyev Türkiyənin “Milliyyət” və “Hürriyyət”, Amerikanın “Vaşinqton post” qəzetləri­nin müxbirləri ilə görüşündə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğunu tə­kidlə vurğulamışdı. Ulu öndər Türkiyənin “Samanyolu” telekanalına müsahibəsində bildirmişdi: “Naxçıvan Azərbaycanın ayrıl­maz bir hissəsidir, muxtar respublikadır. Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, vaxtilə Azərbaycana qarşı ədalətsizlik edilib və Zəngəzur diyarının Ermənista­na verilməsi ilə əlaqədar Naxçıvan Azər­baycanın əsas torpağından ərazi nöqte­yi-nəzərindən ayrı düşübdür”.

O zaman Türkiyə və İran dövlətləri ilə diplomatik münasibətlərin qurulmasında uğurlu addımlar atılsa da, həllini gözləyən ciddi çətinliklər qalmaqda idi. İnformasiya blokadası daha ciddi fəsadları ilə gündəm­də idi. 1992-ci ilin 7 iyununda “Real” infor­masiya agentliyinin fəaliyyətə başlaması informasiya blokadasının yarılması üçün atılan yeni bir addım oldu. ”Azərbaycan” nəşriyyatında “Real” informasiya agent­liyinin hazırladığı “Naxçıvan yaşayır, dö­yüşür” foto-albomunun bir neçə dildə nəşr edilərək, kütləvi yayımlanması Naxçıvan reallıqlarının az da olsa ictimaiyyətə çatdı­rılmasında mühüm rol oynadı. 

Bundan dörd ay sonra Bakıda “Naxçı­van” həftəlik ictimai-siyasi qəzetinin nəşrə başlaması ictimaiyyətin böyük marağına səbəb oldu, eyni zamanda, Naxçıvanda baş verənlərin cəmiyyətə çatdırılmasın­da mühüm rol oynadı. Gərgin mübarizə və blokada şəraitində yaşayan Naxçıvan həqiqətlərinin cəmiyyətə çatdırılmasında xüsusi yeri olan qəzetə Heydər Əliyevin fəaliyyətə başlaması münasibəti ilə təbrik məktubu göndərmişdi.

Bu dövrdə Azərbaycan ziyalılarının – sonralar “91-lər”in müraciəti adlanan çağırışı mətbuatda dərc olundu. Buna ca­vab olaraq Heydər Əliyevin Azərbaycan ziyalılarına ünvanlanmış “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktu­bunun mətbuatda dərci ciddi sensasiya yaratmaqla, Heydər Əliyev ideyalarının möhtəşəmliyini bir daha ortaya qoydu. Bu zaman AXC Naxçıvan və Ordubad şöbələrinin Naxçıvanda dövlət çevrilişinə cəhd göstərməsi mətbuatın gündəmini zəbt etdi. Yerli və xarici jurnalistlər üçün 1992-ci ilin 27 oktyabrında mətbuat kon­fransı keçirən Heydər Əliyev bu dəfə də müdrik siyasəti ilə Naxçıvanda sakitliyə nail oldu. 

Bir gün sonra Naxçıvan Televiziyası ilə xalqa müraciət edən Heydər Əliyev əhalini şayiələrə uymamağa, yaranmış gərgin­liyi aradan qaldırmaq üçün sabitliyi göz­ləməyə çağırdı. Eyni zamanda, həmin gün “Naxçıvan” qəzeti onun “İnsan xalq üçün yaşayanda xoşbəxt olur” sərlövhəli mü­sahibəsini dərc etdi. Bu qayğılı və gərgin dövr həm də YAP təşkilat komitəsinin yı­ğıncağının və təsis konfransının keçirildiyi, eləcə də Heydər Əliyevin açıq səsvermə yolu ilə partiyanın sədri seçildiyi günlərə təsadüf edir. 

Bu dövr Azərbaycan cəmiyyətinin bü­tün sahələrində olduğu kimi, mətbuatın inkişafında yeni mərhələ olmuş, söz və mətbuat azadlığını həyati reallığa çevir­mişdir. Bu da Azərbaycan mətbuatının peşəkar və demokratik şəraitdə inkişafına şərait yaratmış, milli mətbuatı xaosdan və anarxiyadan qurtarmışdır. 

1993-cü ilin yayından başlayaraq Nax­çıvandakı 3 illik xilaskarlıq missiyasını müstəqil Azərbaycan dövlətinə rəhbərli­yi qəbul etməklə davam etdirən ümum­milli lider Heydər Əliyev mətbuatın da azad fəaliyyətinə geniş imkan yaratmış, onun inkişafını əngəlləyən bütün amillə­rin aradan qaldırılmasının qanunvericilik bazasında həllinə nail olmuşdur. Bundan sonra kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün silsilə tədbirlər həyata keçirilmişdir. 

Ulu öndər Heydər Əliyevin senzuranı aradan qaldırması mətbuatın inkişafında yeni bir mərhələ oldu. 1998-ci il 6 avqust tarixində “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” verilən fərman mətbuatı senzuradan azad etməklə yanaşı, onun inkişafını və cəmiy­yət həyatındakı rolunu artırdı. 

Böyük siyasətçi və qüdrətli dövlət xa­dimi Heydər Əliyev xalqa rəhbərlikdə mət­buatın gücünü yüksək qiymətləndirməklə, onun imkanlarından da səmərəli istifadəni məharətlə bacarmış və siyasi fəaliyyətinin bütün dövrlərində bunu özünün həyat prin­sipi kimi qəbul etmişdir. 

Ulu öndərin Naxçıvanda siyasi təcrid şəraitində media ilə qurduğu əlaqələrin tə­sirliliyi və yaratdığı gerçəklik bunu bir daha sübut edir. Bütövlükdə, Heydər Əliyevin ən çətin durumda Naxçıvana rəhbərliyi, onu işğaldan və fəlakətdən xilas etməsi tarixi rəşadət nümunəsidir.

 

Namiq ƏHMƏDOV, 

“Xalq qəzeti”



Siyasət