“Moskva görüşündə Zəngəzur dəhlizinin açılmasının zəruriliyi etiraf olunub”

post-img

44 günlük müharibədən sonra bölgədəki proseslər Azərbaycanın diktəsi ilə reallaşmaqdadır. Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı açıqlama verərək Ermənistan qarşısında şərt qoydu. Ermənistanın baş naziri Nikol Paşinyan dəhlizin verilməyəcəyi ilə bağlı fikirlər gündəmə gətirsə də, bu dəfə də onun dediklərinin əksi baş verməkdədir.

Bu fikirləri “Xalq qəzeti”nə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

M.Göyüşlü qeyd edib ki, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin sonuncu Moskva görüşündə də Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizi tələbinə siyasi rəng qataraq onu kontekstdən çıxarılmış şəkildə təqdim etməyə cəhd göstərdi. “Dəhliz” terminini anlamayan Paşinyanı bu dəfə də Azərbaycan Prezidenti tərəfindən səsləndirilən tutarlı arqumentlər küncə sıxışdırdı. Azərbaycanın Ermənistana qarşı ərazi iddiası irəli sürməsini bəhanə gətirərək götürdüyü öhdəliklərdən qaçmaq istəyən Paşinyan etdiyi çıxışlarla beynəlxalq arenada növbəti biabırçılığa imza atmış oldu. 

Lakin Paşinyanın nə deməsindən, nə istəməsindən asılı olmayaraq Azərbaycanın Zəngəzur dəhlizi tələbi reallaşmaqdadır. Belə ki, dünən Moksva şəhərində Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib. İclasın sonunda Bəyanat qəbul edilib və Rusiya tərəfi bu sənədi, onun şərtlərini səsləndirib. 

Belə ki, konstruktiv şəraitdə keçən görüşdə nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması istiqamətində razılaşma əldə olunub. Ermənistanın ciddi müqavimətinə, mövzudan yayınma cəhdlərinə rəğmən Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Başqa sözlə desək, rəsmi Bakının 10 noyabr razılaşmasında və ondan sonra daim gündəmə gətirdiyi mövzu – Zəngəzur dəhlizinin açılmasının vacibliyi bu görüşdə bir daha vurğulanıb. Dəhlizin açılmasının, onun istifadəyə verilməsinin bölgənin inkişafına verə biləcəyi töhfə etiraf olunub. Bu, Azərbaycanın əldə etdiyi növbəti mühüm nəticə kimi qiymətləndirilə bilər. Bütün bu danışıqların və proseslərin Zəngəzur dəhlizinin açılmasına doğru apardığı artıq heç kimdə şübhə doğurmur. Bir sözlə, Moskva görüşündə Zəngəzur dəhlizinin açılmasının zəruriliyi etiraf olunub.

Anar ƏLİ,
“Xalq qəzeti”

Siyasət