Bakı Forumunun iştirakçıları Yaxın Şərq və ətrafında sülh, sabitlik və inkişaf axtarışı ilə bağlı fikirlərini bölüşüblər

post-img

Martın 11-də X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, sabitlik və inkişaf axtarışı” mövzusunda doqquzuncu panel iclası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, 2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə rezident əlaqələndiricisi Frensis O'Donnellin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Ukrayna münaqişəsindən sonra bəzi ölkələr üçün bir çox problemlərin yarandığını bildirib. Deyib ki, Birləşmiş Millətlər Təşkilatının dünyada etibarının daha da artması üçün təşkilat yenilənməlidir.

Misirin sabiq xarici işlər naziri Əmr Musa çıxışında diqqətə çatdırıb ki, Yaxın Şərqdə bir çox məsələlər həllini tapmalıdır. O, regionun ən qısa zamanda nüvə silahından təmizlənəcəyinə inandığını bildirib. “Regionda baş verən münaqişələrin həlli üçün ortaq razılaşmalar əldə olunmalıdır. Sülh bərqərar olmadan inkişafdan söhbət gedə bilməz”, - deyə sabiq nazir qeyd edib.

Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmelledin İhsanoğlu (2004-2014-cü illər) regionda sülhün qurulmasının, sabitliyin yaradılmasının uzun müddətdir müzakirə edildiyini bildirib. “Biz bütün çətinliklərin geridə qalması üçün niyə mübarizə aparmırıq? Belə getsə, bütün region bu cür burulğana çəkilmiş olacaq. Ortaq gələcək bölgəyə üçün rifah gətirməliyik. Dünya sülhü tələb edir ki, qonşu ölkələr bir-birinə dözsün və qarşılıqlı anlaşma şəraitində yaşasın, problemləri həll etsin”, - deyə Ekmelledin İhsanoğlu vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Siyasət