Türkiyə çətin seçim və ciddi sınaq qarşısında

post-img

14 may prezident və parlament seçkilərinə koalisiya şəklində, “Altılıq masa” formatında gedən müxalifət düşərgəsinin sərgilədiyi mövqe əsrin fəlakətinin ardınca Türkiyənin siyasi gündəmini silkələməkdə davam edir. 

İndidən deyə bilərik ki, mayın 14-ü Türkiyə elektoratını çətin seçim gözləyir və bu seçkilərin nəticələrinin təkcə qardaş ölkənin daxili durumuna deyil, həm də Azərbaycanın, ümumilikdə, regionun siyasi konfiqurasiyasına təsir göstərəcəyi şəksizdir. Dörd gündən sonra təbliğat kampaniyası başlayacaq cümhurbaşqanı və parlament seçkilərində, hazırkı prezident Rəcəb Tayyib Ərdoğana qarşı koalisiyada birləşən altı müxalif partiyanın siyasi palitrasına nəzərən müəyyən düşüncələrə və qənaətə gəlmək mümkündür. Misal üçün, görəsən, seçki koalisiyasında bunca fərqli milli-ideoloji xətləri təmsil edən firqə güclərinin bir araya gətirilməsi, bu sırada hətta separatçı, terrorçu PKK-nın siyasi qanadı sayılan HDP-nin yer alması kimlərin xidmətidir? Bu gün Türkiyə elektoratını, bütövlükdə cəmiyyəti düşündürən, cavabını axtardığı əsas suallardan biri budur. Doğrudanmı “altılıq” üzvlərinin əsas məqsədi seçkini udacaqları təqdirdə öz aralarında, sadəcə, nazir portfellərini bölüşməkdir? Siyasi analitiklər, yerli media “altılıq masa”nın yeganə qadın üzvü, İYİ Partiyanın lideri Maral Akşənərin Kamal Kılıçdaroğlunun prezidentliyə vahid namizədliyinə qarşı çıxaraq masanı tərk etməsini, amma iki gündən sonra geri qayıtmasını təşkil edən o gücün sahibini, qüdrətin ünvanını axtarırlar. Bu axtarışlar həm daxildə, həm də xaricdə gedir. 

HAŞİYƏ: Rəcəb Tayyib Ərdoğan baş nazir Adnan Menderesin edamının 55-ci ildönümündə mərhumu yad edib. O, Adnan Menderesin ölkəsinə və millətinə göstərdiyi xidmətlərinə görə daim hörmətlə anıldığını söyləyib. Bu detal onu deməyə əsas verir ki, Ərdoğan mayın 14-də həm parlament, həm də prezident seçkilərində “altılıq” üzərində qələbə qazanaraq tarixi təkrarlamaq istəyir.

“Altılığ”ın fəlakətdən yararlanmaq cəhdi

R.T.Ərdoğanı seçki yolu ilə devirmək üçün daxili və xarici güclərin gizli koalisiya yaratdıqları barədə iddi­aları qulaqardına vurmaq olmaz. Bu güclərin ortaq məqsədi aydındır: Ərdo­ğanı hakimiyyətdən kənarlaşdırmaq. 2016-cı ilin 15 iyul uğursuz çevriliş cəhdindən sonra, bu, Ərdoğanı kür­südən salmağa yönəlik ikinci plandır. Etiraf etməliyik ki, Türkiyədə yaşanan təbii fəlakətdən sonra AKP-nin xalq arasında reytinqi ciddi şəkildə aşağı düşüb. Yəni, ölkəyə vurduğu ziyanı ilkin hesablamalara görə, 100 milyard dollar civarında qiymətləndirilən “əsrin fəlakəti”ndən sonrakı vəziyyət, nə qədər xarizmatik lider olsa da, AKP ilə MHP-nin birləşdiyi “Xalq ittifaqı”nın na­mizədi Ərdoğanın qarşıdakı seçkilərdə şansını aşağı saldığını deyə bilərik. 

Amma o da danılmaz faktdır ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu iyirmi il müddətində bir neçə dəfə təbii və qeyri-təbii silkələnmələri yaşayıb və AKP iqtidarı bu fəlakətlərin nəticələrinin aradan qaldırılması sahə­sinda yetərincə təcrübəyə malikdir.

Digər tərəfdən, həm Maral Akşənə­rin, həm də yerli siyasi analitiklərin fikrincə, solçu Kılıçdaroğlunu Ərdo­ğana rəqib ola biləcək güclü namizəd saymaq olmaz. Zatən zorən bu seçimi dəstəkləyən “altılıq masa”dakıların öz aralarında fikir ayrılıqları kifayət qədər­dir. 

Haşiyə: Ankara ilə Bakı arasın­da diplomatik münasibətlərin azacıq sərinlədiyi yeganə dövr Əli Babaca­nın Türkiyənin Dövlət naziri və Xarici işlər naziri olduğu dönəmə təsadüf edir. Əski ərdoğançı Əhməd Davudoğ­lu kimi, altı masanın birində əyləşmış həmin Əli Babacan indi də bu cinahda yer alıb. 

“Altılıq masa”nın CHP sədri Kamal Kılıçdaroğlunu vahid namizəd seçəcə­yi öncədən məlum idi. Baş solçunun vahid namizəd olmasını İYİ Partiya­sının sədri Maral Akşənərin “masa”­ya qayıtması ilə bağlayanlar olsa da, bunu siyasi şou adlandıranlar da yox deyil. Amma reallıq ondan ibarətdir ki, “altılıq masa”dakı partiyalar (CHP, Xalqların Demokratik Partiyası, Səa­dət Partiyası, DEVA Partiyası, İYİ Par­tiyası və Gələcək Partiyası) arasında həm elektoratın miqyasına, həm də Böyük Millət Məclisində təmsilçi sayı­na görə ən güclüsü CHP-dir. Düzdür, martın 6-dək koalisiyanın ehtimal na­mizədləri arasında Ankara Bələdiyyə­nin sədri Mənsur Yavaşın və İstanbul Böyük Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da adları hallanırdı. Amma CHP-dən olan hər iki bələdiyyə­çi yaxşı başa düşürdü ki, Kılıçdaroğlu özündən başqasının vahid namizəd olmasına izn verməz. Maral Akşənər bununla yanaşı, onu da anlayırdı ki, əsas məqsəd Ərdoğanın seçkidə məğlub edilməsidirsə, İYİ Partiyanın bu işin öhdəsindən təkbaşına gəlməsi mümkün deyil. Strateji nöqteyi-nəzərdən Kamal Kılıçdaroğlunun “masa”nın vahid namizədi olması, əs­lində, M.Akşənərin maraqlarına tam uyğundur. Axı, CHP başqanı Ərdoğan­la müqayisədə zəif rəqibdir və İYİ üçün növbəti seçkidə onu hakimiyyətdən kə­narlaşdırmaq elə də çətin olmayacaq.

HAŞİYƏ: Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş İYİ partiyasının sədri Maral Akşənərə həbsxanadan məktub göndərib. Dəmirtaş yazıb ki, əgər HDP Akşənərə dəstək versə, bu zaman böyük ehtimalla Kılıçdaroğlu prezident, xanım siyasətçi isə vitse-prezident olacaq. 

CHP “Can Azərbaycan” deyəcəkmi? 

Bu sual indi cəmiyyətimizin, hətta siyasətdən uzaq kəsimini də maraq­landırır və bir qədər də narahat edir. Yəni, qardaş Türkiyədə prezidentliyə iddia edən şəxsin Azərbaycana müna­sibəti nə cür olacaq? Konkret desək, sosial-demokrat təmayüllü CHP lide­ri dövlətin başçısı seçiləcəyi təqdir­də Ərdoğan kimi, Azərbaycana görə dünyanın qarşısına çıxacaqmı, bizə görə eyni fədakarlığı göstərəcəkmi? Bəs, Kılıçdaroğlunun Azərbaycanın Ermənistan və onun havadarları ilə ədalətli mübarizəsinə, Qarabağ mü­naqişəsinin həllinə yanaşması necə olacaq? Kamal Kılıçdaroğlunun Vətən müharibəsinin gedişində verdiyi açıqla­malarını unutmamışıq və o, birmənalı olaraq Azərbaycanı dəstəklədiyini bil­dirib. Onun Azərbaycanın qələbəsinə sevinən siyasətçi kimi Ankara ilə Bakı arasındakı səmimi qardaşlıq münasi­bətlərinə hansısa dəyişikliyi edəcəyi inandırıcı görünmür. 

ARAYIŞ: Rəcəb Tayyib Ərdoğan 2003-cü il martın 14-də baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib, 2018-ci il iyunun 24-də isə yenidən bu posta layiq görülüb. Hazırda o, həm dövlətin, həm də hökumətin başçısıdır. 600 nəfərlik Türkiyə Böyük Millət Məclisindəki (TBMM) indiki 577 yerdən 295-i iqtidardakı AKP-yə məxsusdur. CHP 134, Xalqların Demokratik Partiyası 56, MHP 48, İYİ Partiya 37 səslə TBMM-də təmsil olunur.

Rəcəb Tayyib Ərdoğanın Prezi­dent İlham Əliyevə, eləcə də xalqımı­za qardaş münasibəti, Azərbaycana, Qarabağa verdiyi dəstəyi və əhəmiy­yəti, son illər taleyimizdə oynadığı önəmli rolu göz önündədir. Son 20 ildə bu münasibətlər ara-sıra zamanın sınağına çəkilsə də, iki qardaş onların hamısından üzüağ çıxıb. 

Ümid edir və inanırıq ki, budəfəki seçki sınağı da məhz bu qəbildən olacaq. 

 

Fərid Şəfiyev,

beynəlxalq ekspert:

 

– Türkiyədə 14 may seçkilərinə proqnoz vermək çətin olsa da, düşünürük ki, Ərdoğan yenidən prezident seçiləcək. Düzdür, Kılıçdaroğlu müxalifətin vahid namizədi kimi Ərdoğanın vəziyyətini bir qədər çətinləşdirəcək. Amma, burada problem yarana bilər, yəni əgər HDP vahid namizədi tam dəstəkləsə, onda Akşənərin koalisiyadan çıxmaq ehtimalı da var. Bu barədə yekdil fikir söyləmək tez olsa da, “altılıq masa” bu və ya digər formada dəyişə bilər. O ki qaldı, hakimiyyətə yeni hökumətin gələcəyi təqdirdə Azərbaycana münasibətdə mövqeyin dəyişə bilməsinə, zənnimcə, Ankaranın siyasi gündəliyində bir sıra vacib məsələlər var ki, Türkiyə dövlətinin dəyişməz siyasi xəttini təşkil edir. Misal üçün, Ankara Şimali Kipr Türk Respublikasına daim dəstək verəcək. Yəni, bu aspektdə Türkiyənin formalaşmış mövqeyi var. Azərbaycana gəldikdə isə Türkiyə dövləti ilə bərabər, türk milləti də həmişə yanımızdadır. Ona görə də, hətta, Kılıçdaroğlu hakimiyyətə gəlsə belə, inanmırıq ki, Azərbaycana yönəlik hansısa radikal dəyişiklik baş versin. Halbuki, Kılıçdaroğlunun ətrafında bəzi siyasətçilərin mövqeyi bizdə narahatlıq yaradır. Amma CHP liderinin özü tək qalib olmayacaq, söhbət koalisiyadan gedir. 

Əlbəttə, nəticə etibarilə bizim üçün Azərbaycanın dostu Ərdoğanın qələbə qazanması daha yaxşı olar.

 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”



Siyasət