Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü

post-img

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi: 

– Hörmətli İlham Heydər oğlu. Hör­mətli Nikol Vovayeviç. 

Hörmətli həmkarlar, dostlar.

Biz növbəti görüşümüzün keçirilmə­sinə dair təklifə operativ reaksiya verdi­yiniz üçün minnətdarıq və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacaq.

Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək müm­kün olub. 2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyala­rının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb.

Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmaya­cağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problem­lərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində in­kişaf edir. Bu istiqamətlərdən biri nəq­liyyat kommunikasiyaları ilə bağlı apa­rılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkar­larla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır.

Biz bu mövzunu ətraflı müzakirə et­dik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanma­sından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, – mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, – bunlar aradan qaldırılma­sı mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir. Ona görə də biz qərara aldıq ki, yaxın vaxt­larda, bir həftədən sonra, – indi həm­karlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək müm­künsə, hələ tənzimlənməmiş məsələlə­ri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır. 

Vaxta gəldikdə, biz bir həftədən son­ra görüş barədə razılığa gəldik. Bu gün cümə axşamıdır. Ermənistan, yaxud Azərbaycan nümayəndə heyətlərinin hər hansı təklifi varmı? Çünki həmkarlar bu barədə öz aralarında razılaşmalıdır­lar. Bir həftədən sonra normaldır? 

Baş nazir Nikol Paşinyan: Bəli.

Prezident Vladimir Putin: İlham Heydər oğlu?

Prezident İlham Əliyev: Bəli.

Prezident Vladimir Putin: Mətbuat nümayəndələri çox sağ olsunlar. Biz bir az qapalı rejimdə işləyəcəyik.

 

AZƏRTAC

Rəsmi xronika