Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); 2024, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 7, maddələr 763, 765, 769, 772; 2025, № 2, maddə 98; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 141.7-ci və 141.8-ci maddələr əlavə edilsin:
“141.7. Bu Məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
141.8. Bu Məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
Maddə 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 140-VIIQD nömrəli, 18 mart tarixli 158-VIIQD və 161-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 36.2-1-ci maddə əlavə edilsin:
“36.2-1. Bu Məcəllənin 36.1-ci və 36.2-ci maddələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.”.
Maddə 3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88 (Cild I) 5-ci maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Bu maddənin altıncı hissəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir və belə qərarlar bu maddənin beşinci hissəsinə uyğun olaraq əldə edilir.”.
Maddə 4. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I); 2024, № 5 (I kitab), maddə 503, № 12 (II kitab), maddə 1335; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanunu) 10-cu maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:
“Bu maddənin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
Bu maddənin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
Maddə 5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94) 27-ci maddəsinin IV hissəsinin “Qeyd”inə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir və həmin qərarlar bu maddənin VI-II hissəsinə uyğun olaraq əldə edilir.”.
Maddə 6. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli və 11 aprel tarixli 172-VIIQD nömrəli qanunları) 7-ci maddəsinə aşağıdakı məzmunda on üçüncü və on dördüncü hissələr əlavə edilsin:
“Bu Qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
Bu Qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
Maddə 7. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 2, maddə 98) 14.0-cı, 14.0.1-ci və 14.0.2-ci maddələri müvafiq olaraq 14.1-ci, 14.1.1-ci və 14.1.2-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 14.2-ci maddə əlavə edilsin:
“14.2. Qəyyumluq və himayə orqanları bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan məsələlərlə əlaqədar qəbul edilmiş qərarlarını 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edirlər.”.
Maddə 8. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710 (Cild I) aşağıdakı məzmunda 10.1-1-ci maddə əlavə edilsin:
“10.1-1. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları bir iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2025-ci il