Fevralın 22-də Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Rustavi şəhər ziyalıları, valideynlər, mərkəzin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə 1992-ci il fevralın 25-dən 26-na keçən o qanlı gecədə şəhid olmuş xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra mərkəzin direktoru Raidə Dərziyeva çıxış edərək XX əsrin ən qanlı faciələrindən olan bu soyqırımı Rusiyanın 366-cı motoatıcı dviziyasının Qarabağdakı vəhşi daşnaklarla birgə həyata keçirdiklərini bildirib. Onun sözlərinə görə, bu amansız qətliam ötən əsrin ən qanlı hadisəsi kimi tarixə düşüb.
“Dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı xalqımıza qarşı törədilmiş bu vəhşiliyi unutmamalı, təkcə xocalıların deyil, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıdır”, - deyə o qeyd edib.
Təhsil və Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun şagirdi Lalə Mehdiyeva “Xocalı – daim sızlayan yaramız” adlı təsirli essesini təqdim edib.
Gürcüstanda yaşayan azərbaycanlı ziyalılardan şair Rafiq Hümmət, Bəhram İsayev və digərləri öz çıxışlarında faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı şanlı Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə xalqımızın əsl Zəfər dastanı yazdığını söyləyiblər.
Daha sonra mərkəzin Azərbaycan dili kursunun dinləyiciləri Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər. Sonda bu ağır faciəni olduqca təsirli şəkildə əks etdirən qısametrajlı bədii film nümayiş etdirilib.
P.ƏMİRCANOV
XQ


.jpeg)


