Müdafiə Nazirliyinin illik hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərinin, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə şöbə (bölmə) rəisləri, şöbə və bölmələrin psixoloqları, eləcə də kadr işləri üzrə məsul şəxslərin iştirakı ilə təlim-metodiki toplanışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək Azərbaycan Ordusunda kadrların idarə edilməsi, ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülmüş işlər, həmçinin cari ildə qarşıda duran əsas tapşırıqlar haqqında danışıb.
Daha sonra çıxış edən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə qarşıya qoyulan tapşırıqların həlli istiqamətində görülən işlərdən geniş söhbət açıb, ideoloji iş və mənəvi-psixoloji təminat tədbirlərinin effektivliyinin artırılması ilə bağlı Müdafiə Nazirliyi rəhbər heyətinin lazımi tövsiyə və tələblərini çatdırıb.
Toplantıda zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi, kadr hazırlığı və komplektləşdirmə istiqamətində görülən işlərə dair məruzələrlə çıxış ediblər.
Sonda toplanış iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, xidməti məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.