Qazaxıstanda Azərbaycanın da qatıldılğı hərbi təlimlər başa çatıb

post-img

Qazaxıstanın Məngistay vilayətində iyulun 8-dən 17-dək keçirilən “Birlestik-2024” (Birlik-2024) adlı hərbi təlimlər başa çatıb. 

Qazaxıstan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirak etdiyi hərbi təlimlər Xəzər dənizi sahilindəki “Oymaşa” poliqonunda baş tutub.  

Təlimlərə bu ölkələrdən 4 minə yaxın əsgər, o cümlədən 700-dək hərbi texnika cəlb olunub. 

Hərbi təlimləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın müdafiə nazirləri, 15 xarici ölkənin Qazaxıstandakı hərbi attaşe aparatının rəhbərləri izləyib. 

Səfər çərçivəsində Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkov Zakir Həsənovla görüşüb, ölkələr arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. 

Təlimlərin başa çatması münasibəti ilə keçirilən mərasimdə iştirakçı ölkələrin yüksək səviyyəli hərbçiləri təlimləri, iştirakçıların müasir hərbi texnikadan səmərəli istifadə bacarığını, həmçinin hərbi qulluqçuların professionallığını müsbət qiymətləndiriblər.

Nazirliyin məlumatında qeyd olunur ki, beş ölkənin hərbçiləri “silahlı münaqişənin lokallaşdırılması” üçün şərti terrorçular tərəfindən tutulan adamın azad edilməsi, Xəzər dənizi akvatoriyasında qeyri-qanuni hərbi dəstələrin zəərərsizləşdirilməsi,

dənizin təhlükəsizliyinin təmin olunması və infrastrukturun qorunması üzrə birgə əməliyyatlar həyata keçiriblər. “Münaqişənin lokallaşdırılması” əməliyyatında quru və hava kəşfiyyatı hərbçiləri, xüsusi dəniz təyinatlıları, artilleriya ekipajları, hücum və tank bölmələri, aviasiya və gəmilər iştirak edib.

Ssenariyə əsasən, Azərbaycan Hərbi-hava qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupları vurulan hərbi helikopterin ekipajını döyüş sahəsindən təxliyə ediblər.

Bağlanış mərasimində təlimlərdə iştirak edən hərbçilər medallarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Astana

 

 







Ordu