Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Röyal Məmmədov, Şamxal Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Nazirlikdən XQ-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, döyüş yoldaşları, eləcə də digər qonaqların iştirak etdiyi anım mərasimləri çərçivəsində şəhidlərin məzarları ziyarət edilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat veriblər.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.