Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, dili və ictimai-siyasi həyatına dair növbəti kitab kolleksiyası hədiyyə edib. Təqdim olunan nəşrlər həm Milli Kitabxananın fondları, həm də Özbəkistanın 12 vilayətindəki kitabxanalar üçün nəzərdə tutulub.
Azərbaycan Prezidentinin ölkənin görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir sıra nəşrlər özbək dilinə tərcümə edilərək çap olunur və Özbəkistanın kitabxana və təhsil müəssisələrinə təqdim edilir.
Təqdim olunan nəşrlər arasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitablar, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini və ölkənin müasir inkişafını əks etdirən nəşrlər xüsusi yer tutur.
Kolleksiyanın mühüm hissəsini Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş nəşrlər təşkil edir. Bu sırada Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli, Bəxtiyar Vahabzadə, Maqsud İbrahimbəyov kimi şəxsiyyətlərin irsinə dair kitablar yer alır.
Kitab fondunda həmçinin müasir bədii və elmi nəşrlər, tarixi-sənədli tədqiqatlar, Azərbaycan və Özbəkistan xalqları arasında çoxəsrlik mədəni əlaqələri və dostluğu əks etdirən materiallar, danışıq kitabçaları, folklor toplusu və digər nəşrlər yer alıb. Ümumilikdə Özbəkistanın kitabxana müəssisələrinə min nüsxədən çox kitab təqdim olunub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd


