Ulu Ələsgər irsinə sədaqət

post-img

İslam Ələsgərli – 100

Azərbaycan ozan sənətinin Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər kimi görkəmli nümayəndələri olub. Bu aşıqlar öz dövrlərində el arasında yüksək nüfuz qazanmış, dastan, qoşma, gəraylı və təcnisləri ilə aşıq ədəbiyyatının zənginləşməsinə böyük töhfələr vemişlər. Bu zəngin ədəbi irsi dünəndən bu günə gətirib çıxaranlar isə tədqiqatçı alimlər, ədəbiyyatşünaslardır. Belə istedadlı şəxsiyyətlərdən biri də İslam Ələsgərli idi.

Babasının bədii irsini tədqiq edib kitablarında yaşadan İslam Ələsgərli digər elmdaşları ilə bərabər ədəbiyyatımızda bir Ələsgərşünaslıq sahəsi yaradıb. O, ilk növbədə, şairin həyatını, yaradıcılığını və əsərlərinin sosial-mədəni kontekstini araşdırıb. Poetik üslubunu, lirikasındakı mövzu və simvolları, fəlsəfi və etik yönləri hərtərəfli tədqiq edib. Ölməz əsərləri yarandığı dövrün siyasi, ictimai və mədəni şəraiti ilə əlaqələndirib. Ələsgərşünas alim şairin əsərlərini yalnız ədəbiyyat deyil, həm də musiqi mədəniyyəti baxımından qiymətləndirib, onun müasir dövrün ədəbiyyatında oynadığı rolu da layiqincə dəyərləndirib.

Azərbaycan ədəbiyyatşünaslığı və mədəniyyətşünaslığına böyük töhfələr verən İslam Ələsgərli 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. Diplom işi “Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi” olub. O, 1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləyib. Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplayıb, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirib və haqqında sanballı məqalələr yazıb. 1973-cü ildə “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları” adlı namizədlik dissertasiyası müdafiə edib.1997-ci ildə ulu öndər Heydər Əliyevin “Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə bağlı “Haqq aşığı Ələsgər” monoqrafiyasını yazıb. İslam Ələsgərli 6 oktyabr 2014-cü ildə 89 yaşında Göygöl rayonunda vəfat edib və orada dəfn olunub.

İslam Ələsgərli Zod kənd orta məktəbində çalışdığı illər ərzində yalnız təhsil və elmi araşdırma sahəsində deyil, həm də ictimai-sosial işlərdə fəal olub. 1958–1961-ci illərdə doğma kəndində kolxoz sədri vəzifəsində çalışaraq təsərrüfat, infrastruktur sahələrində şəraitin yaxşılaşdırılması üçün mühüm tədbirlər görüb.

Yorulmaz tədqiqatçının yazdığı əsərlər arasında “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları”, “Ələsgər ocağı”, “Haqq aşığı Ələsgər”, “Sazlı-sözlü Göyçə” və digərləri ədəbiyyatşünaslığımızı xeyli zənginləşdirib. Dövri mətbuatdakı məqalələrində aşıq sənətinin müxtəlif aspektləri, xüsusən də Aşıq Ələsgərin yaradıcılığı və onun Azərbaycan aşıq sənətindəki roluna sistemli şəkildə işıq tutub.

İslam Ələsgərlinin elmi irsi əsasən aşıq ədəbiyyatının, xüsusilə də Dədə Ələsgərin yaradıcılığının tədqiqinə həsr olunmuşdur. Onun bir-birindən gözəl əsərləri təkcə elmi auditoriya üçün deyil, həm də geniş oxucu kütləsi üçün yazılmış dəyərli mənbələrdir. O, həmçinin dövri mətbuatda onlarla məqalə ilə çıxış etmiş, müxtəlif konfrans və tədbirlərdə iştirak etmişdir.

Aşıq Ələsgərin 175 illik yubileyi münasibətilə təşkil olunan tədbirlərdə iştirakı və çıxışları İslam Ələsgərlinin necə fədakar fəaliyyət göstərdiyini sübut edib. Təsadüfi deyil ki, o, həm də gənc tədqiqatçılar üçün bir məktəb, Aşıq Ələsgər irsini öyrənmək istəyənlər üçün danılmaz zəngin məlumat mənbəyi olub. Bu gün onun əsərləri Azərbaycan aşıq sənəti və ədəbiyyatşünaslıq elminin mühüm qaynaqları sayılır.

İslam Ələsgərli adı xalqın yaddaşında təkcə Dədə Ələsgərin nəvəsi olaraq deyil, həm də bu irsi elmi ciddiyyət və məhəbbətlə araşdırıb yaşadan müdrik ziyalı kimi qalıb. O, sözün əsl mənasında, bir “mədəniyyət keşikçisi” idi.

Fatma HACIYEVA,
tibb elmləri doktoru, professor

Mədəniyyət