Uzun illər xüsusi xidmət orqanlarında çalışan hazırda istefada olan xüsusi xidmət polkovniki Hamlet İsmayılovun sayca 8-ci kitabı işıq üzü görüb. "Qaranti Qosudarstvennoy Bezopasnosti" adlı kitabda müəllif Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə geniş prizmada işıq salır, Azərbaycan çekistlərinin, görünməz cəbhənin əsgər və zabitlərinin fədakarlığından söhbət açır. Çekistlərimizin uzun illərdən bəri, istər Sovetlər İttifaqı dövründə, istər I və II Qarabağ müharibəsi zamanı bir çox terror hadisələrinin və digər təhlükələrin qarşısının alınmasında göstərdikləri şücaət konkrekt faktlarla oxucuların diqqətinə çatdırılır.
Bu yazıda nəinki həmin kitabla, eləcə də Hamlet müəllimin indiyə qədərki yaradıcılığı barədə müfəssəl məlumat verməyə, onun yaradıcılıq yoluna ətraflı nəzər salmağa çalışacağam.
Poetik fikirləri misralara düzüb sığal çəkməkdən ötrü gərək Yaradana bir köynək yaxın olasan. İnsan tutduğu vəzifədən, gördüyü işdən asılı olmayaraq içində bir Tanrı sevgisi böyüyüb boy atır.
Bəzən ömür yollarına işıq saçıb nur çiləyir. Ömür yolu işıqlı olan söz adamlarından biri də Hamlet İsmayılovdur.
Hamel müəllim çekist qəlbində sözə slğal çəkib nəvaziş göstərməklə poetik fikirlərdən 8 qala ucaldaraq 8 kitab yaza bilib.
İmzasına bələd olsam da, ehtiyatda olan xüsusi xidmət polkovniki Hamlet İsmayılovla şəxsi tanışlığım yox idi. Yaradıcılığını izlədiyim, amma üzünü görmədiyim bu vətənpərvər insanla məni dostum və həmkarım Akif Cabbarlı bir neçə il bundan əvvəl tanış elədi. Hamlet müəllimin Akif Cabbarlının dostluğunun tarixçəsi isə 50 ili də ötür. Bir vaxtlar qorxmaz, cəsur çekist kimi tanınan, indi isə güclü qələm sahibi, istedadlı nasir kimi oxucuların sevimlisinə çevrilən Hamlet müəllimlə dost olmağımızın səbəbkarına çevrilən Akif müəllimə təşəkkür edirəm.
Hamlet müəllimin xüsusi xidmət orqanlarının şanlı keçmişinə və bu gününə həsr olunmuş yazıları gənc çekistlərin əsl vətənpərvərlik ruhunda yetişməsi və xidmət göstərməsində mühüm önəm daşıyır. Sayca yeddinci kitabı olan, “Xotite-verte, xotite-net” bu missiyanın uğurlu davamı sayıla bilər.
Hamlet müəllimin bu kitabı rusca yazılsa da, bu nəşrin hər bir sətrində əsl azərbaycanlı ürəyinin, türk ləyaqətinin çırpıntılarını, şanlı qəhrəmanlıq tariximizin parlaq obrazını açıq-aydın duymaq mümkündür. Əgər kitabın adını sətri tərcümə edəsi olsaq, zənnimcə “İstəyirsiniz - inanın, istəmirsiniz - yox” deyə bilərik. Ancaq bütün hallarda görünməz cəbhənin sınaqlardan çıxmış sədaqətli əsgərinin qələmə aldığı xatirə və təəssürat duyğularının dəqiqliyinə, dürüstlüyünə onu yaxından tanıyanların zərrə qədər də şübhə etməyəcəyi qənaətindəyəm və ümid edirəm ki, bu kitabı oxuyacaq hər kəs də mənim fikrimə şərik çıxacaq.
İndi dostluq etdiyim Hamlet İsmayılov yeni kitabında ötən illərin və müasir dövrün ictimai – siyasi hadisələrinə geniş spektrdə işıq salmağa nail olmuş, Azərbaycan xalqının zaman – zaman üzləşdiyi çətinlik və problemlərdən əsl publisist ustalığı ilə bəhs etmişdir. Xarici havadarlarının, ilk növbədə Mixail Qorbaçovun dəstəyi və fitvası ilə ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən və nəhayət müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun işğalda olan torpaqlarımızı azad etməsindən, Azərbaycan dövlətinin və xalqımızın sarsılmaz iradəsi ilə həmin ərazilərdə başlayan dirçəliş və çiçəklənmə marafonundan ətraflı bəhs edən müəllif çoxları üçün olduqca maraqlı olan məqamlara aydınlıq gətirmişdir.
Kitabda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafından, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın respublikamıza diqqət və qayısından, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi önəmli dəstəkdən də bəhs edilmişdir.
Müəllif ötən onilliklərdə rastlaşdığı çeşidli hadisələri həqiqətin süzgəcindən keçirməyi ustalıqla bacarmış, gənclərin hərbi – vətənpərvərlik tərbiyəsinin düzgün qurulması, onlarda xalqa, dövlətə məhəbbət hissinin davamlı olaraq aşılanması zəruriyyətini önə çəkmişdir.
Hamlet müəllim yeni kitabında xüsusi xidmət orqanlarının milliləşməsində, yenidən formalaşdırılmasında əvəzsiz xidmətləri olan fenomenal şəxsiyyət, Ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini də oxucuların diqqətinə çatdırır. 1980-ci ildə dahi şəxsiyyətin Naxçıvan səfəri zamanı ölkə rəhbərinin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman DTK-nın Naxçıvan idarəsində işləyən Hamlet İsmayılov deyir:
“Onunla fəxr edirəm ki, taleyimə dahi bir insanın təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər arasında olmaq qisməti düşüb”.
1973-cü ildən 2003-cü ilədək xüsusi xidmət orqanlarında qüsursuz fəaliyyət göstərən polkovnik Hamlet İsmayılovu keçmiş iş yoldaşları və gənc çekistlər vətənin sadiq əsgəri, layiqli vətəndaş kimi tanıyır və ehtiram göstərirlər. O da öz növbəsində vaxtilə çiyin – çiyinə çalışdığı insanları unutmur, onlarla daim əlaqə saxlayır, tez – tez görüşür, hal - əhval tutur. Xüsusi xidmət orqanları veteranları Alyansının rəhbəri Fəxri Abbasov, veteran çekistlər Bəhruz Teymurov, Bəxtiyar Əliyev, Şamil Süleymanov, Əli Orucov və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səmimi duyğu və düşüncələri bu kitabda geniş yer alıb.
Hamlet müəllim öz nəslinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirib. Onun böyük qardası Əliağa və Ayaz İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçiblər.
“Mən də müharibə iştirakçısıyam – Birinci Qarabağ müharibəsinin. 1991-ci il iyulun 6-da Goranboy istiqamətində döyüşlərdə ağır yaralanmışam. Bu kitabı yazmağa 2020-ci ilin martında başlamışam. Həmin ilin noyabrında Azərbaycan Ordusu erməni faşistləri üzərində şanlı Qələbəyə imza atdı. Biz bu Qələbəyə görə öz qəhrəmanlarımıza – ilk növbədə Ali Baş Komandanımıza minnətdar olmalıyıq. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, Dmitri Solntsevin, Denis Proninin, Fəqan Məmmədovun, Mübariz İbrahimovun, Pəncəli Teymurovun və yüzlərlə digər igidlərimizin cəsarəti qarşısında baş əyirəm”.
Hamlet müəllim yeni kitabında cəsur çekistlərimizin istər döyüş bölgələrində, istərsə də adi günlərdə Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda əsil fədakarlıq nümunəsi göstərdiyi publisistik çalarlarla oxucuya təqdim edir.
Müəllifin dili rəvan, süjet xətti orjinaldır. Bəhs etdiyi hadisələr inandırıcı, yaratdığı obrazlar bitkindir. O, rastlaşdığı və iştirakçısı olduğu hadisələrə bədii don biçməyi, oxucunu inandırmağı ustalıqla bacarmışdır.
Hamlet İsmayılovun bu kitabı gənc çekistlər və oxucuların Zəfər tariximizə dair daha çox bilgilər əldə etmələri üçün etibarlı mənbə kimi də tanına bilər.
Yuxarıda vurğuladığım ki, xüsusi xidmət orqanları veteranı, xüsusi xidmət polkovniki Hamlet İsmayılovun sayca 8-ci kitabı işıq üzü görüb. Xatırladaq ki, kitabın müəllifi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə olub, 1991 – ci ilin iyulunda Goranboy rayonu ərazisində gedən ağır döyüşlərdə yaralanıb. Erməni işğalçıları ilə müharibədə, eləcə də müharibədən əvvəlki və sonrakı dövrdə də bədnam qonşuların faşist xislətinə bir çekist kimi dərindən bələd olması onun yaradıcılıq diapazonunu xeyli genişləndirmiş, poetik düşüncələrinə parlaq çalarlar gətirmişdir. Bunu Hamlet müəllimin yenicə çapdan çıxmış “İttiham və siyasi iflas” kitabında daha aydın və bütün təfərrüatı ilə görmək mümkündür. Bu kitabdakı “İttiham”, “Qələbə”, “Qarabağ” və “Marafon” poemaları çox da uzaq olmayan tarixi və bu gün də aktual olan siyasi və hərbi hadisələri tam dolğunluğu ilə əks etdirir.
Hələ sovetlər ittifaqı dövründə müəllifə bəlli olan məxfi və qeyri – məxfi məlumatlara əsasən Mixail Qorbaçovun ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri tərəfindən ələ alınaraq agent kimi istifadə olunması ilə bağlı faktlar “İttiham” poemasının leymotivi kimi önə çıxır. Mixail Qorbaçovun və ailəsinin erməni sevgisi, Qarabağ problemində tutduğu şərəfsiz mövqe, Ulu öndər Heydər Əliyevin böyük dövlət xadimi və siyasi lider kimi nüfuzuna qarşı açıq – aşkar düşmənçilik siyasəti sadə və yadda qalan misraların dili ilə oxucuya çatdırılır. Hamlet İsmayılov yazır ki, Mixail Qorbaçov Qazaxıstanda, Azərbaycanda, Litvada, Gürcüstanda və Moldovada milli münaqişələrin yaranmasında fəal iştirakına görə Beynəlxalq Haaqa Tribunalına verilməli idi. Bu ittiham prosesi baş vermədiyi üçün mən ona qarşı öz “İttiham”ımı irəli sürərək siyasiləşdirilmiş şeir formasında yazıb əziz oxucularımızın müzakirəsinə verirəm.
“Qələbə” poemasında Böyük Vətən Müharibəsində igidlik göstərən qəhrəman Azərbaycan oğul və qızlarının keçdiyi şərəfli döyüş yolundan bəhs olunur. Həzi Aslanov, Ziya Bünyadov, Bəhyəddin Mirzəyev, Qəzənfər Quliyev, Absəddin Qəbələli, Əhmədiyə Cəbrayılov və digər igidlərin tale yolu bu poemada yüksək poetik ustalıqla vəsf olunur.
“Qarabağ” poemasında Milli Qəhrəmanlar- general – mayor Polad Həşimov, habelə Qarabağın azadlığı və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş təhlükəsizlik orqanlarının əməkdaşları Riyad Əhmədov, Nadir Əliyev, Eldar Məmmədov, Bəhruz Mansurov, Əmiraslan Əliyev və Faiq Cəfərovun, Qarabağ müharibəsi veteranları Asif Əliyevin, Əziz Əliyevin, Abbas Əskərovun, Malik Mustafayevin və başqalarının döyüş yoluna poetik nəzər salınır.
“Marafon” poeması isə beynəlxalq terrorizmin dəstəkçiləri olan dövlətlərin və siyasi dairələrin ifşasına həsr olunub. Müəllif öz duyğu və düşüncələrini poeziyanın dili ilə oxucuya çox rahatlıqla və məmnunluqla çatdırır.
Hamlet İsmayılov rusca təhsil alsa da, Azərbaycanımızın adını həmişə uca tutan, milli adət - ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə, tarixi keçmişimizə duyğusal yanaşan, şərəf gətirən soydaşlarımızdandır. O, 1973-cü ildən 2003-cü ilədək təhlükəsizlik orqanlarında sədaqətlə, əsl çekist fədakarlığı ilə xidmət göstərib, xüsusi xidmət polkovniki rütbəsində ehtiyata buraxılıb. İndi də dövlətimizin müstəqilliyinin qorunmasına, daha da inkişaf etməsinə möhkəm sadiq olduğunu göstərir, əsərlərində peşakar yazıçı təxəyyülü, əsl publisist şəristəsini təqdim edir. Hamlet müəllimin xidmətləri daim dövlətimiz, eləcə də uzun illər çalışdığı kollektiv tərəfindən həmişə yüksək dəyərləndirilib. O bu gün də öz bilik və bacarığını gənclərdən əsirgəmir, oxucularından eşitdiyi xoş sözləri də yaradıcılığına verilən əvəzsiz qiymət hesab edir.
Yeni kitabı münasibətilə hörmətli dostumuzu, tanınmış çekist, istedadlı yazıçı – publisisti ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
Mübariz Süleymanlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
beynəlxalq mükafatlar laureatı