Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı təqdim olunub.
Bişkek şəhərindəki “Manas” Milli Teatrında keçirilən konsertdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər Xalq artisti Munis Şərifov) çıxış edib.
Ansamblın solisti, Xalq artisti Teyyub Aslanov Ə.Bədəlbəylinin “Dumanlı Təbriz” mahnısı, "Bayatı-Şiraz" təsnifi, “Azərbaycan maralı” və “Gülə-gülə” xalq mahnılarını ifa edib.
Ansamblın digər solisti, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında F.Əmirovun “Reyhan”, İ.Topçubaşovun “Söz olmasaydı”, Ə.Tağıyevin “Qal, sənə qurban” mahnıları və “Sarı gəlin” Azərbaycan xalq mahnısı səslənib.
Kollektivin bədii rəhbəri, Xalq artisti Munis Şərifov E.Sabitoğlunun “Şirin dil” (solo), ansambl isə Ə.Marağayinin "Hüseyni bəstə", "Qədim türk musiqisi” və “Bayatı-Şiraz rəngi”ni ifa edib.
Həmçinin solistlər T.Aslanov və N.Hüseynova (duet) Ə.Tağıyevin “Azərbaycan” mahnısını və "Yaylıq" xalq mahnısını səsləndiriblər. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildə professor, sənətşünas-alim, Xalq artisti Məcnun Kərim (1945-2013) tərəfindən yaradılıb. Ansamblda çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu və rübab kimi qədim musiqi alətləri yer alır.
Kollektiv indiyədək musiqi mədəniyyətimizi bir sıra ölkələrdə uğurla təmsil edib.