Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muzeyin direktoru, Xalq artisti və bəstəkar Sərdar Fərəcov giriş nitqi ilə çıxış edərək, “O olmasın, bu olsun” komediyasının Azərbaycan musiqi mədəniyyətində əvəzsiz rolundan danışıb.
Üzeyir Hacıbəylinin ev-muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Vəfa Bağırzadə əsərin dramatik və musiqi xüsusiyyətlərinin ətraflı təhlilini təqdim edərək, onun dahi bəstəkarın yaradıcılığında xüsusi əhəmiyyətini vurğulayıb.
Kinoşünas Hacı Səfərov çıxışında bu əsərin filmə uyğunlaşdırılmasını tarixi-bədii baxımdan təhlil edərək, qonaqlara təqdim edib.
Sənətşünas Sədaqət Əliyeva isə “Geyim mühüm element kimi” mövzusunda məruzə ilə çıxış edib, tamaşanın uğurlu alınmasında əsas rol oynayan səhnə geyimlərinin əhəmiyyətindən danışıb:
- Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaratdığı bu tamaşada, eləcə də filmdə təqdim olunan geyimlər dövrünün sosial mühitini, cəmiyyətdəki insanların ictimai mövqeyini və sosial həyatını əks etdirir. Tamaşaçı bu geyimlərə baxanda o dövrdəki tarixi şərait və həmin geyimlərin birbaşa coğrafi mühitə nə cür təsir etməsi haqqında məlumat əldə etmiş olurlar.
Sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları - Əməkdar artistlər Şövqi Hüseynov və Nahidə Orucova, Prezident mükafatçısı, aktyor Səmədzadə Xasiyev və aktrisa Aydan Həsənova “O olmasın, bu olsun” musiqili komediyasından seçilmiş səhnələri tamaşaçılara təqdim ediblər.
Tədbirin sonunda iştirakçılara verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim olunub.
Muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov XQ-yə müsahibə verdi:
-Dahi insanlar ona görə dahidirlər ki, onların həmişə açılmamış sirləri olur. Gələcək nəsillərin bu dahi şəxsiyyətləri araşdırmaları üçün yeni nələrsə əxz etmələri lazım olur. Bir azərbaycanlı olaraq Üzeyir bəyi seviriksə, bu o deməkdir ki, biz onun bütün yaradıcılığını bilirik və əsərlərini mənimsəmişik. Yaxın günlərdə Üzeyir Hacıbəylinin zamanında çox məşhur olan bir əsərini - “Şah Abbas və Xurşidbanu” operasını yenidən tədqiq etdim. Sovet dövründə bu əsər səhnəyə qoyulmuşdu. Lakin, sonra musiqi notları itib batdı. Əlimə keçən notlar əsasında 4 pərdə, 6 şəkildən ibarət bu nəhəng operanın ədəbi mətnini və musiqilərini yenidən araşdırmaq işini öhdəmə götürdüm. Demək olar ki, son işlər qalıb. Bundan sonra əsərin daha yeni, xor və orkestr variantı yazılmalıdır. Mən çox təəssüf edirəm ki, bizdən əvvəlki nəsil bəstəkar və musiqiçilər zamanında belə əsərləri lazımınca tədqiq edib araşdırmayıblar. Bizdən sonra gələn nəsillər üçün də öyrənilməsi lazım olan nə qədər sirlər, mənbələr var. Mən bir musiqiçi kimi Üzeyir bəyin Azərbaycan himninin sözlərinə yazdığı musiqini araşdırmışam, neçə-neçə yarımçıq qalmış əsərlərini tamamlayıb orkestr halında səsləndirmişəm. “Şeyx Sənan” operasından itmiş parçaları bərpa etmişəm. Bu bizim vəzifə borcumuzdur.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyev bəstəkarın anadan olmasının 140-cı ildönümünə həsr olunmuş tədbirlər planına uyğun işlərin həyata keçirilməsinə dair Sərəncam imzalamışdır. Onu da qeyd edək ki, bu il Üzeyir Hacıbəylinin ev-muzeyinin 50 illik yubileyi də qeyd olunur.
Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsində yeni səhifələr açmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti isə əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilir.
Fidan SALMANOVA
Sadıq ƏLİVERDİBƏYLİ (foto)
XQ