Özbəkistanla dostluğun rəmzi

post-img

Azərbaycan Milli Kitabxanasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə həsr edilən “Şavkat Mirziyoyev Fenomeni” kitabının təqdimat mərasimi keçirilib.

Milli Məclisin deputatları, özbəkistanlı qonaqlar, elm və mədəniyyət xadimləri, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi, yazıçı və şairlər, elm və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasimi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamladı. Tədbirin moderatoru – AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Yeni Özbəkistanın qurucusu, qardaş ölkənin Prezidenti Şavkat Mirziyoyevin fəaliyyətinin beynəlxalq ictimaiyyət arasında böyük maraq doğurduğunu qeyd etdi. O, bu yaxınlarda özbək siyasətşünası Qüdrətulla Rəfiqovun yazdığı “Şavkat Mirziyoyev fenomeni” adlı kitabın dilimizə uyğunlaşdırılaraq, Bakıda çap olunmasını görkəmli şəxsiyyətə Azərbaycan ziyalılarının da böyük ehtiram bəslədiklərinin nəticəsi olduğunu bildirdi.

Kitabın ön söz müəllifi olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xeyirxah səyləri və şərəfli zəhmətləri sayəsində çoxəsirlik dostluq və qardaşlıq əlaqələrinin ən yüksək mərhələyə qalxdığını bildirdi. Özbəkistanın prezidenti Şavkat Mirziyoyevin uğurlu siyasətindən bəhs edərək, onun Prezident İlham Əliyevlə dostluğunun ölkələrarası əlaqələrə müsbət təsirindən, Özbəkistanın zəngin tarixi və mədəniyyəti, İslam dünyasına bəxş etdiyi din alimlərindən danışdı. Şeyxülislam yeni kitabı ortaq mədəni-mənəvi irsə töhfə adlandırdı.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar özbək yazıçı və şairlərin bədii nümunələrinin ümumtürk ədəbiyyatında xüsusi yeri olduğunu vurğuladı. O qeyd etdi ki, iki xalqın ədəbi əlaqələrinin belə sıx olmasının ümumtürk ədəbiyyatının inkişafına müsbət təsiri var. 85 illiyində Şavkat Mirziyoyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla xatırlayan yazıçı bunu Özbəkistan Prezidentinin Azərbaycan ədəbiyyatına diqqətinin nümunəsi kimi qiymətləndirdi.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov xalqlarımızı dərin köklərə malik qardaşlıq əlaqələrinin birləşdirdiyini, bu gün həmin əlaqələrin uğurla inkişaf etdirildiyini söylədi. Nazir müavini ortaq mənəvi dəyərlərimizin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin bizi bir-birmizə daha da yaxınlaşdıracağını dedi.

Mərasimdə Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Özbəkistanın əməkdar jurnalisti, yazıçı Xurşid Dostmuhammad, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Özbəkistan xalq şairi, Senat üzvü Mahmud Toir, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan–Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Qayrat Məcid, Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, “Şavkat Mirziyoyev Fenomeni” kitabının tərcüməçiləri şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyli və başqaları çıxış edərək kitabın siyasi publisistikada özünəməxsus yenilik olduğunu, eləcə də Azərbaycan oxucuları və siyasətçiləri üçün vacib bir vəsait rolunu oynayacağını söylədilər.

Sonda “Şavkat Mirziyoyev Fenomeni” kitabının tərcüməçiləri şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyliyə Özbəkistanın milli geyimləri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova isə Özbəkistan mədəniyyətinə aid xatirə əşyası hədiyyə edildi.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət