Ötən həftə İçərişəhərdə “Azerbaijan Best Craft” (Azərbaycanın ən yaxşı əl işləri) adlı 50-ci əl işləri satış yarmarkası keçirilib. Yubiley yarmarkası çərçivəsində ölkənin ən yaxşı brend markalarının hazırladığı müxtəlif əl işləri ilə bağlı ustad dərsləri də təşkil olunub.
Burada bir-birindən gözəl və maraqlı incəsənət nümunələri sərgilənirdi. Təbii daşlar, rəngli muncuqlar, balıqqulaqlarından hazırlanmış aksesuarlar, kətan, ipək və başqa materiallardan toxunulmuş çantalar göz oxşayırdı.
Bu gözoxşayan əl işləri ilə daha yaxından tanış olaq üçün brend markaların sahibləri ilə söhbətləşdik. “Viki_bag_Baku” brendinin yaradıcısı Viktoriya İsmayılova bu işə əvvəllər ziyafət geyimləri hazırlamaqla başladığını dedi: - Bu brendi yaratmamışdan əvvəl cürbəcür ziyafət geyimləri tikib hazırlayırdım. Sonra, yavaş-yavaş bu gördüyünüz çantaları toxumağa başladım. Beləliklə, öz çanta brendimi yaratdım. Bu mənim hobbimdir. İşimi çox sevirəm. Hər kəsi əl işlərimə baxmağa dəvət edirəm.
“Tupal” brendinin təsisçisi Ülviyyə Tupal bu işlə üç ilə yaxındır məşğul olduğunu bildirdi: - Bu brendi tanıtmamışdan qabaq müxtəlif təbii məmulatlar olan polimer gili, muncuqlar, balıqqulaqları, kakos qabığından bujiteriyalar düzəldirdim. İndi isə kətan, ipək və başqa təbii parça materiallarından əl çantaları toxuyuram. Gələcəkdə markamızın işlərini daha da genişləndirərək, “Tupal” brendi adı ilə hər növdə və hər yaşa uyğun geyimlər hazırlamağı düşünürəm.
Satış yarmarkasında kitabların sərgiləndiyinin şahidi olduq.“Nərmin Yayın Evi” nin kitab satışı stendinə yaxınlaşdıq. Yayın evinin rəhbəri Məlahət Həsənova ilə söhbətləşdik. Mərhum qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət xanım həmin müəssisəyə elə onun adını verib: - Nərmin sağlığında nəşriyyat evi yaratmaq istəyirdi. Lakin vaxtsız gələn ölüm onun istəyini yerinə yetirməyə qoymadı. Artıq 9 ildir ki, bu yayın evi fəaliyyət göstərir. Yayın evi kitab satışından əldə edilən gəlirləri Şəhid ailələrinə dəstək olmaq üçün sərf edir.
Qeyd edək ki, son 4-5 ildir ki, ölkəmizdə əl işləri məhsullarının istehsalı və satışı yüksək səviyyədə inkişaf edib.
Fidan SALMANOVA
XQ