Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Morgenland” Odlar Yurdu ilə görüşür” adlı Azərbaycan və Almaniya gənc musiqiçilərinin birgə layihəsi təqdim olunub.
Bu barədə teatrdan məlumat verilib. Azərbaycan və Almaniyadan olan gənc musiqiçilərin konsertindən əvvəl Xalq artisti, teatrın bədii rəhbəri Salman Qəmbərov layihə haqqında məlumat verib. Bildirib ki, layihə 20 ildir Almaniyanın Osnabrük şəhərində təşkil edilən “Morgenland” festivalı çərçivəsində keçirilir. O, layihəyə qatılan gənc yerli musiqiçilərin seçimində dəstəyə görə Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Sumqayıt Musiqi Kollecinin rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra konsert təqdim olunub. “Morgenland akademiyası”nın alman tələbələri və Azərbaycandan olan gənc musiqiçilərinin ifasında alman bəstəkarlarının əsərləri və xalq mahnılarımız üzərində qurulan caz kompozisiyaları böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Yaxın Şərq mədəniyyətinə həsr olunan festivalın əsas aksiyalarından biri 14-20 yaş arası gənc musiqiçilər üçün nəzərdə tutulmuş “Morgenland akademiyası”dır. Professional musiqiçilərin rəhbərliyi altında birhəftəlik musiqi düşərgəsi çərçivəsində iştirakçılar Avropa musiqi ənənələrindən fərqlənən, muğama əsaslanan Qafqaz və Orta Asiya musiqisi ilə tanış olurlar. “Morgenland akademiyası” məzunlarından ibarət “Morgenland gəncləri” ansamblı mütəmadi olaraq layihə və konsertlər təşkil edir. “Morgenland” Odlar Yurdu ilə görüşür” layihəsinin rəhbəri Salman Qəmbərov artıq 2009-cu ildən bu festivalda iştirak edir. Hər il festival çərçivəsində gənclər üçün ustad dərsləri təşkil olunur. Bu il festivalın təşkilat komitəsi belə bir layihəni ona həvalə edib.