Tarixi “İmarət” Ağdamın bugününə qayıdır - VİDEO+FOTO

post-img

Söhbət Qarabağ xanlarının ata ocağının və əbədiyyət ünvanının öyrənilməsindən, bərpasından gedir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  bu il dekabrın 24-də Ağdamda olarkən şəhərin keçmişində “İmarət” adı ilə tanınan tarixi kompleksə də baş çəkmiş, burada aparılan elmi-tədqiqat və bərpa-quruculuq işləri ilə tanış olmuşlar. 

Xatırladaq ki, dövlət başçısı işğaldan azad edilmiş Ağdam şəhərində Dövlət bayrağımızı ucaldarkən ilk baş çəkdiyi ünvanlardan biri Qarabağ xanlarının ata-baba mülkü və axirət evi olan “İmarət” tarix-memarlıq kompleksi olmuşdu. Prezident o zaman Qarabağın keçmişi ilə bağlı bu önəmli tarixi məkanın tədqiqi  və layiqincə bərpası  barədə göstəriş və tövsiyələrini vermişdi. 

Ötən müddətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun səyyar ekspedisiyaları Qarabağ və Ağdamın son 3 əsrlik tarixinin canlı yadigarı olan bu qiymətli tarixi məkanda geniş elmi-tədqiqat və arxeoloji axtarış iş­ləri aparıb, Qarabağ xanları ailəsinin tarixi ilə bağlı bir çox qiymətli faktları aşkara çıxarıblar. Eyni zamanda, ərazidə xeyli elmi-bərpa işləridə aparılıb və hazırda davam etdirilir.

Dövlət başçısının “İmarət” Kompleksinə ötən həftəki səfərindən sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bir neçə gün sonra mərkəzi media təmsilçilərinin “İmarət” kompleksinə mediaturunu təşkil etdilər.

Qarabağa jurnalist səfərlərinin start məntəqəsinə çevrilmiş Səbail rayonundakı Su İdmanı Sarayının qarşısından səhər saat 7-də yola çıxan avtobus 4 saatlıq yolu aşıb Ağdam ərazinə daxil oldu. İşğaldan azad  edilmiş ərazidə aparılmış bərpa-quruculuq işlərinin ilkin nişanələri olan yeni salınmış 4 cərgəli avtomobil və dəmiryol xətti  nə qədər xoş duyğular oyadırdısa, erməni vandalların 30 il müddətində ölü zonaya çevirdikləri yolkənarı yaşayış məntəqələrinin miskin görkəmi bir o qədər kədər doğurur, bu cəhənnəmi yaradanlara qarşı barışmaz bir nifrət doğururdu. 

Yeni yolun sonunda nəhəng tikinti meydanını xatırladan Ağdama yetişməyimiz öyünclü-fərərəhli duyğularımızı coşdurdu. İnsanlıq simasını itirmiş düşmən bir güllə atılmadan Qarabağın baş qapısı sayılan Ağdamdan qovulub çıxarılmış və son 3 ildə burada regionun ən böyük şəhərinin sıfırdan ucaldılmasına başlanıb. Bu qədim torpağın üstündə onun keçmişinin yeganə  nişanələrindən sayılan “İmarət” Kompleksinin bərpa olunması Ağdamın məhv edilmiş keçmişi ilə Azərbaycanın ən gözəl yeni şəhəri arasında canlı körpü kimi salınır.

Şəhərin ilk diqqətçəkən tikililərindən olan “Qarabağ” çoxmərtəbəli yaşayış kompleksi ilə “Muğam mərkəzi”nin arasından keçib “İmarət”ə yetişdik. Burada bizi ölkə Prezidentinin Qarabağ nünayədəliyinin və səfərin təşkilatçısı olan Mədəniyyət Nazirliyinin, həmçinin AMEA-nın əməkdaşları qarşıladılar. 

Xatırladaq ki, işğaldan azad edilmiş Ağdam şəhərinə jurnalistlərin ilk 2 sərərini 2021-ci ilin mart və aprelində Media Agentliyi təşkil etmişdi. O zaman gördüyümüz mənzərə – Qarabağın müqəddəs məkanlarından birinin qəddarcasına təhqir edilməsi və murdarlanması qəlbimizi nə qədər ağrıtmışdısa, indi boy göstərən ağappaq bir görsəniş bizi bir o qədər sevindirdi və məmnun etdi. 

Ötən müddətdə dağıdılmış, sökülmüş tikili və türbələr bərpa edilib, Ağdamın ağ əhəng daşının bəyaz rənginə bürünüb. Ərazi arxeoloji tədqiqat məkanı kimi diqqəti cəlb edir. Torpağın altının 2–3 əsrlik mənzərəsi üzə çıxarılıb. Yer altından çıxarılmış qəbirdaşları və yazılı lövhələr səliqə ilə bir yerə toplanıb sərgilənir. Tezliklə muzey kompleksinə çevriləcək ərazinin mənzərəsini əks etdirən bərpa eskizləri və layihə mənzərələri xoş ovqatımızı bir az da artırdı.

Burada aparılmış işlər və ərazinin yaxın gələcəyi barədə turun təşkilatçılarının verdikləri məlumat “İmarət” barədə təsəvvürlərimizi dolğunlaşdırdı. Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı kimi tanınan tikililər və xan ailəsinə mənsub nekropol-türbələr olub. Əsas  tikili olan XVIII əsrə aid tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, dağıdılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, sonuncu hakim Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn ediliblər. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra məzarlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq 2021-ci ilin ortalarından Pənahəli xan sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və müvafiq işlərə start verilib. Konsepsiyaya əsasən, kompleksin Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət tarixi məkan kimi öyrənilməsinə və bərpa edilməsinə başlanılıb. Xanın sarayı bərpa edildikdən sonra interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Daha sonra qeyd edildi ki, xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks, ümumilikdə, 3,3 hektar ərazini əhatə edib.

“İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud 5 türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib. Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri – başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. 

Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.

Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılmasını AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun mütəxəssislərdən ibarət elmi ekspedisiya gerçəkləşdirib.Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Hazırda  kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri davam etdirilir. Kompleksin tədqiqi və bərpası Qarabağ Dirçəliş Fondunun vəsaiti ilə aparılır.

Bu ümumi məlumatdan sonra jurnalistlər ərazi ilə ayrı-ayrı detallar üzrə tanış edildilər. Gördüklərimizlə bağlı suallarımızı cavablandıran Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirdi:

– Dayandığımız bu ərazi Qarabağın keçmişi ilə bağlı çox qiymətli bir tarixi yadigardır. Bu ərazinin bəxti sovet dövründə də gətirməyib. “Sinfi düşmən” sayılan Qarabağ hakimlərinin adı və xatirəsi ilə bağlı bu məkana ögey münasibət bəslənilib, 1920-ci illərin sonunda ərazidəki tikililərlə bağlı yarımçıq tədqiqat aparılsa da, işlər davam etdirilməyib. Stalinizmdən sonrakı yumşalma illərində ərazidə stadion salınanda yerli əhalinin arzu-istəyi nəzərə alınıb, tikili və türbələr dağıdılmayıb. Məzarlıq baxımsız qalaraq bərbad hala düşüb. Erməni vandallar isə türbələrdən ikisini dağıdıb, Xan qızı Natəvanın bərpa edilmiş məzarını dağıdıb, saray tikililərini donuz tövləsinə çeviriblər.

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna diqqəti bu tarixi məkan ən yüksək səviyyədə dirçəldilir. Hər şey tarixi görkəminə qaytarıldıqdan sonra burada qoruq-muzey fəaliyyət göstərəcək. Ərazinin stadion hissəsi isə tarixi funksiyasına uyğun Qarabağ atlarının cıdır meydanına çevriləcək. Bütün bu işlərdə bizim xidmət yaxından iştirak edir. Tezliklə layihə üzrə işlər başa çatdırılacaq və ölkənin turizm marşrutuna daxil ediləcək.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Fərhad Quliyev isə aparılmış tədqiat işlərindən və onun elmi cəhətdən araşdırılmasından söz açdı:

– Ərazidə aparılmış tədqiqat bizə zəngin məlumat verdi. Türbələrdə dəfn edilənlərin məzarlarından götürülmüş DNK materialları onların konkret kimliyini və qohumluq əlaqələrini öyrənməyə imkan verəcək. Hətta kəllə quruluşuna görə simalar da bərpa ediləcək. Ərazidə 214 məzar aşkar etmişik. Onların da kimliyi öyrənilir. Torpaq altından çıxan digər daş abidə və eksponatlar da tədqiq edilir. Erməni vandalizminin dağıdıcı izlərini yox etmək üçün ciddi araşdirmalar aparılır. Bütün bunlardan elmi-bərpa işlərində istifadə edilir.

Müsahiblərimizin dediklərinə əlavə olaraq bildirək ki, “Pənahəli xan sarayı”  , “İmarət məzarlığı”, “İmarət stadionu” adları ilə bugünümüzə gəlib çıxmış bu tarixi məkan barədə elmi-tarixi mənbələrdə və Ağdam ziyalılarının yaddaşlarından bugünümüzə çatan məlumatlarda müəyyən fərqli məqamlar olsa da bu bilgiləri bir ortaq cəhət – ərazinin müqəddəsliyi və misilsiz tarixi dəyəri barədə söylənənlər birləşdirir.

Tarixi mənbələr göstərir ki, ərazidəki əsas bina  birinci Qarabağ xanı Pənahəli xanın Ağdamda  yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı xan nəslinin ən birinci mülklərindən olmaqla 2 binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olub. Həmin kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib. 

Saray yaxınlığında yerləşən “İmarət” qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilib. Pənahəli xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.

Başqa bir məlumatda deyilir ki, XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kənddən ağ görkəmi ilə diqqəti cəlb edib. Ağdam adı da buradan yaranıb. “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını ifadə edib. Bina Pənahəli xanın imarəti də adlandırılıb. Ağdam xan sarayı hakimiyyətin zirvəsinə gedən yolda irəliləyən gənc xan Pənahəlinin mülk yerindəki qərargah rolu oynayıb.

Sarayın ilk memarlıq təsvirisə 1928-ci ilə təsadüf edir. “Arxeoloji oçerkə” görə, keçmiş xan sarayından yalnız dağıntılar qalıb. Sarayın fasadının qarşısında, təxminən, 50 metr məsafədə, düz xətt boyunca bir sıra nəhəng, qamətli, hündür çinar ağacları yerləşib. Görünür, Pənah xan Qarabağlı (1754-1759) bu sarayın inşası ilə eyni vaxtda bu çinarların da əkilməsini əmr edib. Sarayın, məscid evinin və çinarların xətləri sarayın qarşısında demək olar ki, nizamlı olaraq dördbucaqlı, çox gözəl bir meydan yaradır.

“İmarət stadionu” barədə isə deyilir ki, bu, ərazidəki cıdır meydanında 1952-ci ildə salınıb. “İmarət” adını qoruyub saxlayan ağdamlılar onun giriş  qapısına bu sözü milli ornamentlərlə həkk ediblər.

Stadionun direktorları olmuş Əli Hüseynov və Asif Mustafayev ərazidəki tarixi abidələrin qorunmasına da qayğı iə yanaşıblar. Ümumiyyətlə, ağdamlılar Qarabağ xanlarının bu axirət ünvanına müqəddəs məkan kimi yanaşıblar və onun təntənəli “İmarət” adını repressiyalardan qoruyub yaşadıblar.

Qarabağ tarixinin bir çox məqamları barədə jurnalist tədqiqatlarının müəllifi, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev tarixi mənbələri araşdırmaqla “İmarət” barədə yazılıb-deyilənlərə xeyli dürüstlük gətirib: 

– “İmarət”in ərazisi orta əsrlərdən Cavanşirlər nəslinə məxsus olub. Nadir şah öləndən sonra Qarabağa qayıdan Pənahəli ata mülkündə müxtəlif bağlar saldırıb. Bunlardan biri onların nəsil qəbiristanlığı olan ərazidəki “Barlı bağ” olub. Xan bu bağın məhsulunu ehtiyacı olanlara payladarmış. Şuşadan tez-tez Ağdama enən xan burada da özünə bir iqamətgah tikdirir və bu tikili xan sarayı, xan imarəti adı ilə tanınır.

Ata-babaların xatirəsini əziz tutan Pənahəli vəsiyyət edir ki, öləndə onu bu halal mülk yerlərində, ulu babalarının məzarlığında dəfn etsinlər. Beləliklə, bu yer Cavanşirlər nəslinin yeni məzarlığı kimi ikinci həyat qazanır. İlk türbədə Pənahəli xan, ikinci türbədə İbrahim xan, ücüncüdə isə Mehdiqulu xan dəfn olunub. Şairə Xan qızı Nətəvan da ata-babaları kimi burada dəfn olunmağını vəsiyyət edib və atasının türbəsinin yanında dəfn edilib.

Həmkarımızın dediyinə əlavə olaraq qeyd edək ki, “Cıdır düzü” şuşalılar üçün nə olubsa, “İmarət” də ağdamlılar üçün həmişə eyni dəyər daşıyıb. Sovet dövrünün son illərində “İmarət” stadionunda sivil Azərbaycan qadınının timsalı olaraq şairə Natəvanın şərəfinə hər il Ağdamda ümumrespublika “Natəvan” qızlar bayramı təşkil edilirdi. 1989-cu ildə isə Şuşa mühasirədə olduğundan “Xarıbülbül” beynəlxalq musiqi festivalı Ağdamda–“İmarət”də keçirildi. Həmin bayramın videogörüntüləri ağdamlılar üçün qiymətli yadigardır.

Nəhayət, bildirək ki, “İmarət”dəki stadionun tarixi cıdır meydanına çevrilməsi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə yenidən qurulan Ağdamda onun yeni simasına uyğun müasir idman kompleksi və futbol meydançası da tikiləçək. “İmarət”adı daşıyacaq  stadionun tamaşaçı tutumu 30 min nəfərdən çox olacaq. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qəzetimizə müsahibəsində bununla bağlı bildirmişdir: “Futbol azarkeşlərinə demək istəyirəm ki, biz “İmarət” stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür, stadion əvvəlki yerdə deyil, yəni Pənahəli xanın “İmarət” kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastrukturlu guşəsində olacaq. Bu idman məhəlləsində tək futbol stadionu deyil, böyük Olimpiya İdman Kompleksi, müxtəlif idman yarışları üçün qapalı-açıq meydançalar, idman təmayüllü orta məktəb, bundan əlavə, uşaqlar üçün idman yay düşərgəsi olacaq”.

Beləliklə, Ağdama–tarixi “İmarət” kompleksinə 1 günlük media turumuz Qarabağ tarixinə bələdlik və sevgimizə yeni rənglər qatmaqla başa çatdı. Öyrəndiklərimizi və bildiklərimizi qısaca oxucularımıza çatdırdıq. Şübhəsiz, “İmarət”də gerçəkləşdirilən layihə tezliklə yekunlaşacaq və növbəti medatur oxucularımıza bu tarixi məkan barədə əlavə məlumat çatdırmağa imkan yaradacaq.

Tahir AYDINOĞLU,

Elşən AĞALAR (foto)

XQ


























Mədəniyyət