Dost itgisi ağır imiş...

post-img

Kamil Vəli Nərimanoğlunun xatirəsinə 

          Bir andaca xoş xəyyallarım pərən-pərən düşdü, aldığım acı xəbərdən. Oğlum Əli bir qədər tərəddütlə məndən soruşdu: ata, Kamil Vəli Nərimanoğlunu tanıyırsan? Səhər erkən sorulan bu sual məni  diksindirən kimi oldu. Cavabında dedim ki, yaxşı tanıyıram, 1987-ci ildə alim dostumuz Mustafa İsgəndərzadənin evində qonaq olduğu zaman professor Kamil Vəliyevlə görüşüb tanış olmuşam. Mustafa müəllimin oğlu Çinara saz dərsi dediyim zaman xalqımızın bu ecazkar milli alətində klassik saz havalarını çalmağımı o zaman dinləmişdi. Və daha sonra "Elin yaddaşı, dilin yaddaşı" adlı məşhur əsərini oxumuşdum. Bu cavabımdan sonra bir qədər duruxub haqq dünyasına qovuşduğunu ahəstə səslə söylədi və qara xəbəri çatdırdı.  Kaş xəbərlər qara olmayaydı. Qara xəbər kədər, üzüntü, dərd-qəm ifadəsidir. Türk təbiri ilə, mutlu xəbərə hər zaman ehtiyacı var insanoğlunun. Nə isə...

Dost itgisindən üşüdüm. Səd heyif ki, dostlarımızdan biri də getdi: ictimai xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu. Həmən  Osman Sarıvəlli ocağının yadigarları olmuş Babək və  Rafiq Qurbanovları xatırladım...  

2009-cu ildə musiqi estetikası üzrə filosof alimimiz professor Babək Qurbanovun 70 yaşına qədəm qoyduğu ərəfədə Kamil bəyə və Qəzənfər Paşayevə zəng etdim ki, hörmətli alimimiz haqda məqalə yazsınlar, Babək müəllimə də sürpriz etmək istədim.  Kamil müəllimin verdiyi cavab indi də xatirimdədir: Mən böyük qardaşı Rafiq Qurbanovu yaxşı tanıyıram. Moskvada ziyalılarımızın layiqli-ləyaqətli təmsilçisidir, “Şəhriyar” cəmiyyətinin başcısıdır. Babək müəllimin də əsərləri və yaradıcılığı ilə uzun illərdir tanışam. Fəqət hələ ki, üz-üzə görüşüb söhbət etmək nəsib olmayıb. İnşallah görüşərik bir zaman...

 Bu təklifim əsasında hər iki alimimiz Babək müəllim haqda yazdıqları yubiley məqaləsini ad günündə göndərdilər və beləcə rəhmətlik Babək Qurbanovu çox sevindirdilər. Bu səbəblə də Babək müəllimin də, mənim də  könül dünyamızda Kamil Vəli Nərimanoğlu adında dəyərli bir Vətən övladının adı əbədi həkk edilmiş oldu. 

Sonralar Qaziantep Universitetinin rektoru professor Yavuz Coşğunun dəvəti üzrə 2014 ilinin iyun ayında universitetimizə təşrif buyuran Kamil Vəlinin, mühəndislik  fakultəsinin salonunda Türkiyə Cumhuriyyətinin “İstiqlal Marşının” söz yazarı Mehmet Akif Ərsoyun yaradıcılığı barədə məruzəsini dinləmək bizlərə də qismət oldu. Onda Babək müəllimlə birlikdə Kamil bəyin görüşünə getdik. Heç unutmuram ünlü şair haqda verdiyi elmi səviyyəli, yüksək məzmunlu, mükəmməl təhlilə təməllənən, əsl alimə məxsus orijinal bilgilər dinləyiciləri heyrətə gətirdi. Bu uzun illər də yadımdan çıxmadı və indi də səmimiyyətimlə etiraf edirəm. Nə qədər zəngin bilgiyə sahib olduğunu bu konfransda elmi çıxışı ilə təsdiqləmiş oldu Kamil müəllim. Babək müəllimlə birlikdə qürurlandıq, fəxr etdik, iftixar hissi keçirdik eloğlumuzun bu çıxışından. Konfrans bitdikdən sonra Babək müəllimlə Kamil Vəliyevin görüşü və müzakirələri xeyli çəkdi. İki böyük alimin üz-üzə söhbətlərinə şahidlik etmək də xoş anlarla yadımda qalıb. Bu günsə qəlbim hər ikisinin itkisindən viran oldu. Heyif, o mübarək günlərə.

2004-cü ildə isə təcrübəli fortepiano müəllimi Tamilla Qasımova ilə Ərzurum Atatürk Universitetindən Qazi Universitetinin Əczaçılıq fakultəsində konsert vermək üçün, fakultənin dekanı professor Fəthi Şahin bəyin dəvəti ilə Ankaraya gəldik. Saat yarımlıq konsertimizi tamamladıqdan sonra axşam saat 21-də “Başkənd Öyrətmən Evi”ndə təsadüfən Kamil müəllimlə rastlaşdım. Məni görən kimi ayaq saxladı, heyrətli baxışlarla “burada nə edirsən, niyə xəbərimiz olmayıb?” deyə sual verdi. Yanında tanımadığım üç nəfər də var idi. İlk dəfə gördüyüm bu şəxslərlə görüşüb Kamil bəyin xahişi ilə kiçik bir musiqi axşamı təşkil edəsi oldum, fərqli muğamlardan bölümlər, xalq mahnılarından və klassik aşıq havalarından nümunələr səsləndirdim. Görüşün müddəti uzun oldu. Gecə saat 2-yə kimi  4 nəfərdən ibarət dinləicilərimin sırasına otelin digər çalışanları da qoşulmuşdu. Nəhayət, Kamil bəyə “sabah Ərzuruma dönəcəm” - dediyimdə qəti etiraz etdi. Dedi ki, bu konserti sabah axşam da eşitməyə ehtiyacımız var, bir daha təkrar etsən sevinərəm. Əlacsız qalıb etiraz edə bilmədim. Çünki xətiri, hörməti mənim üçün çox əziz idi. 2-ci gün  “Başkənd Öyrətmən Evi”nin 1-ci qatındakı sərgi salonunda konsertimi təkrarladım. Kamil bəyin yanındakı qonaqlarının adını öyrənəndə isə heyrətimi gizlədə bilmədim. Biri Türk Dünyası Araşdırmaları Vakfının başkanı professor Turan Yazqan, digəri tədqiqatçı alim, Egey Universitetinin professoru, Türkiyə və Avrasya Yazarlar Birliyinin, Türk Kültürünü Araştırma İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Yavuz Akpınar və 3-cü dinləyicim isə Türkiyə Cumhuriyyətinin 3-cü Cumhurbaşkanı Cəlal Bayarın nəvəsi, 1987-1989 illərdə Oxford Üniversitetinin, 1984-2016-cı illərdə Mərmərə Üniversitetinin professoru Əminə Gürsoy Naskali olduğunu öyrənəndə Kamil bəyin təşkilatçılığı ilə baş tutan bu kiçik konsertim üçün qürurlandım. 

Bu xoş hadisədən xeyli sonra Əminə xanımla bir telefon danışığımızda  həmin anları yada salaraq dedi ki, o iki gündə bizləri heyrətə gətirən konsertinzi heç unutmamışam! Bu cavab məni indi də duyğulandırmaqdadır. Bu ülvi xatirəmi paylaşmaqda məramım da Kamil bəyin bir alim, bir vətənpərvər şəxsiyyət kimi, Azərbaycan musiqi mədəniyyətini sevən, onu təbliğ etməyi bacaran qeyrət timsallı, əfəndi bir insan olduğunu çatdırmaqdır.  

 Kamil bəyin itkisi ürəyimizi yandırsa da, yetirmələri sayəsində bir ocaq közü kimi heç zaman sönməyəcəyinə inamımız yaşayır və yaşayacaqdır. Sonda nisgilli bir şeirmi onun əziz ruhuna ərmağan etmək istədim.  

Bu gün könlümüzə yaman dərd düşdü,

Bir an gəldi çalpoy, boran sərt düşdü,

Son gedişdən dost-qardaşlar pərt düşdü,

Əcəl gəlsə gedən dönmür bir daha.

 

Mərd oğultək şərəf-şanla yaşadın,

El dərdini ürəyində daşıdın,

İnsanlığın dünyasında baş idin,

Əcəl gəlsə gedən dönmür bir daha.

 

Adın bəlli  obalara, ellərə,

Kəlamın var, salamın var dillərə.

Şirin ömrün axıb getdi sellərə,

Əcəl gəlsə gedən dönmür bir daha.

 

Rüzgar əsdi qəndil kimi sönmüşəm, 

Bəd xəbərdən diksinmişəm, donmuşam,

Xoş xəyalım alt-üst oldu, çönmüşəm,

Əcəl gəlsə gedən dönmür bir daha.

 

Fələyin qurğusu, hər işi belə?!

Çarəsiz qalmışın gərdişi belə?!

Loxma tək çeynəyir hər dişi belə,

Əcəl gəlsə gedən dönmür bir daha.

 

İlqar, nə edəsən bu dünya fani?

Anlayan insanın gözündə ani,

Sirat körpüsündə dayanıb “cani”,

Əcəl gəlsə gedən dönmür bir daha.

                        

İlqar Cəmiloğlu,

Qaziantep Universiteti Türk Musiqisi

Dövlət Konservatoriyasının professoru, 

Sənətşünaslıq elmləri doktoru,

Türk Xalq Musiqisinə Xidmət Mükafatcısı.

 

 

Mədəniyyət