“Bir millət, üç dövlət”

post-img

Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Rüya Taner və saksafon ifaçısı Kürşat Başarın Türkiyə Cümhuriyyətinin 100 və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində konsert tədbiri keçirilib. 

Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuq Qaraqılınc tədbir iştirakçılarını salamlayaraq, Türkiyə Cümhuriyyətinin 100, Şimali Kipr Respublikasının 40 və ulu öndər Heydər Əliyevin və ömür-gün yoldaşı Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümləri münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, bir millət və üç dövlət olaraq, mədəniyyət sahəsində çox işlər görməliyik: - Yüzillik tarixi inkişaf proseslərini keçmiş bu rəqəmlər bir çoxlarımız üçün sadə görünsə də, hər birinin öz hekayəsi var. Çalışmalıyıq ki, növbəti yüz illərdə də öz tarixi hekayəmizi yaza bilək. Bunun üçün əvvəl bir-birimizi başa düşməli, tanımalıyıq. Yunus Əmrənin də dediyi kimi, gəlin tanış olaq və bir yerdə çalışaq ki, işlərimiz də rəvan getsin. İnstitutumuzun da əsas vəzifələrindən biri bu üç dövlətin sənət və mədəniyyətini bir-birinə yaxınlaşdırmaq və dünyada tanıtmaqdır. 

Türkiyəli məşhur musiqiçi Kürşat Başar XQ-ya təəsuratlarını danışdı: - Azərbaycan musiqisi mənim üçün çox əzizdir. Düşünürəm ki, bu, dünyada ən yaxşı musiqidir. Bütün alətlərin bir yerdə ifa olunduğu kompozisiyalar insanı heyran edir. Rəhbəri olduğum ansamlda tez-tez Azərbaycan musiqiləri ifa edirik. K. Başar anasının əslən azərbaycanlı olduğunu dedi: - Anam azərbaycan əsilli xanımdır. Atamla ailə qurduqdan sonra Türkiyənin Qars vilayətinə köçüblər. İndi çox yaşlı olduğu üçün təəssüf ki, bizimlə gələ bilmədi. Azərbaycana, sizlərə çoxlu salam söylədi. 

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikalarının sənət dünyasının bir araya gəldiyi konsert proqramında hər üç türk dövlətinin mədəniyyəti və musiqisi  nümayiş olundu. 

İnanırıq ki, bu layihə ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

 

Fidan HÜQUQQIZI

XQ









Mədəniyyət