Lalə Məmmədova: “Universitetə qəbul olanda nə vaxtsa sənətçi olacağımı bilmirdim”.

post-img

“Böyük bacılarımdan biri tibb ixtisası üzrə təhsil almışdı, o biri Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini, digəri Şərqşünaslığı bitirmişdi.  Xarici Dillər Universitetinə qəbul olanda isə bacılarım mənə “sən avarasan da, yəni, bundan da yaxşı yerə qəbul ola bilərdin” deyirdilər. Qismət belə imiş”.

Bu sözləri Əməkdar artist Lalə Məmmədova Mədəniyyət Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Mədəniyyətimiz” layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunmuş  tədbirdə deyib: “Universitetə qəbul olanda bilmirdim ki, nə vaxtsa sənətçi olacam, qastrol səfərlərinə gedəcəm və ingilis dilini bilməyim səhnə fəaliyyətimdə mənə köməklik  edəcək. Həqiqətən də belə oldu. Xarici səfərlərə getdiyim nümayəndə heyətinə də bu barədə çox dəstək olurdum”. 

Xarici Dillər Universitetini bitirdikdən sonra magistratura təhsili alan sənətçi müdafiə etdiyi diplom işi mövzusundan da danışdı: “İllər keçdi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitunun dissertantı oldum. Azərbaycan və Qərb ədəbiyyatının müqayisəli şəkildə təsvir olunduğu “İngilis-Azərbaycan ədəbiyyatında sənətkar obrazı və cəmiyyətin yaratdığı labirintlər” adlı elmi işlə məşğul olmağa başladım. Yayda hamı dincəlməyə gedəndə, mən çemodan dolu kitabla bağa gedirdim. Amma çox təssüf ki, elmi rəhbərim rəhmətə getdi və bu mövzuda dissertasiya işimi yazıb sona çatdırmaq mümkün olmadı. Ədəbiyyat İnstitutuna, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya müraciət etdim. Mənə xeyli kömək etdi. Beş mövzu verilmişdi. Onun dördü götürülmüşdü, cəmi bir mövzu qalmışdı - “Çağdaş Azərbaycan nəsrində Fizuli təsirləri”. Düşündüm ki, belə bir dahi yazıçı haqqında nəinki yazmaq, onu anlamaq özü böyük bilik, düşüncə tələb edir. Amma, düz yeddi il bu mövzunu araşdırdım. Hətta, bu illər ərzində Opera və Balet Teatrında Flora Kərimovadan 40 il sonra “Leyli və Məcnun” operasında “Leyli” obrazını canlandırdım. Həmin obrazı təkcə oynamadım, həm də yaşadım. Hətta, bir müddət öz dünyamdan uzaqlaşıb, Leylinin dünyasına getmişdim”.


Fidan HÜQUQQIZI,

XQ

Mədəniyyət