Kitab sehrdir və hər insan çalışmalıdır ki, bu sehrə mübtəla olsun...

post-img

Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir. Bu, tək kitaba, mütaliəyə verilən önəm kimi deyil, həm də kitabın insanın həyatının müxtəlif etaplarında ona qazandırdığı nailiyyətlərin səbəbkarı kimi anılmasıdır. 

Dünyanın müxtəlif ölkələrində kitaba münasibət fərqlidir. Məhz bu günlə bağlı hər il ABŞ-da qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunur. Əslində kitabsevərlərlə bağlı olan bu gün ilk olaraq elə Amerikanın özündə yaranıb və sonra dünyanın bir çox yerlərində qeyd edilməyə başlanılıb.  Bu gün kiməsə kitab hədiyyə etməyin də digər günlərdən daha özəlliyi var desək, yanılmarıq.  Əslində, bu həm də elmin, mədəniyyətin, ədəbiyyatın təbliğatı üçün mühüm töhfədir. Oxucuları cəlb etmək üçün yaxşı düşünülmüş ideyadır. 

Bakıda da son zamanlar kitaba maraq xeyli artıb. Son aylarda bir neçə kitab festivalında şəxsən iştirak etmişəm və mübaliğəsiz olaraq deyə bilərəm ki, təşkilatçılıq, iştirakçılıq məsələsində oxucu qələbəliyi müşahidə etmişəm. Naşirlər də qazanıb, oxucular da xeyli endirimli qiymətlərdən yararlanıblar. 

Bu günlə Bakı Kitab Mərkəzində olduq. İsti yay günləri, tətil vaxtının olmasına baxmayaraq, az da olsa oxucularla rastlaşdıq. Onların müxtəlif məzmunlu kitablardan istifadə etdiyinin şahidi olduq. 

Mərkəzi ziyarət edərkən günün mövzusu ilə bağlı Bakı Kitab Mərkəzinin direktoru, şair-publisist Günel Anarqızının fikirlərini öyrəndik. O bildirdi ki,  Bakı Kitab Mərkəzi bu gün oxucuların sevə-sevə daxil olduğu mütaliə mərkəzlərindən biridir. Qeyd edim ki, bura həm kitabxana kimi də fəaliyyət göstərir. Sadəcə, kitabxanadan fərqli olaraq burada kitabları evə aparmaq olmaz. Oxumaq üçün xüsusi guşələri yaradılıb. Mərkəzimiz təhsil guşəmizdən xeyli tələbələr, müəllimlər gəlib istədikləri dərsliyi, audio-kitabları oxuyur, dərslərini elə buradaca hazırlaya bilirlər. Uşaqların mütaliəsi üçün də şərait yaradılıb. Bu gün beynəlxalq kitabsevərlər günüdür. Kitabla bağlı özəl günlərin hamısı bizim üçün önəmlidir. Gəlib-gedənlər digər aylardan qismən az olsa da var. Çünki hazırda oxucularımızın çox yay tətilindədirlər. Əlbəttə, bu da təsir edir. Mərkəzimizdə, ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, türk, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər. BKM-in daha bir cəlbedici ənənəsi də odur ki, burada ölkəmizin tanınmış yazıçıları, tarixçiləri ilə görüşlər keçirilir və oxucular onların yaradıcılığı ilə yanaşı, özləri ilə də yaxından tanış olurlar. 

Günel xanımla söhbətləşəndən sonra Mərkəzdə çay içdik. Kitablara, nəfis tərtibatla bəzədilmiş kitab dolu rəflərə baxış keçirdik, özümüz üçün münasib bir əsəri seçib bir küncə əyləşdik və bununla da sanki istirahət etdik. Həqiqətən  kitab sehrli məvhumdur. Hər insan çalışmalıdır ki, bu sehrə mübtəla olsun. Bunun da bir yolu vardır. Həzrəti Məhəmməd Peyğəmbərin buyurduğu kimi, beşikdən məzar evinə qədər ancaq oxumaq! Nəsiminin aradığı kamil insanı tapmaq da, Aristotelin qoyduğu “Qızıl orta” yolunu qorumaq da ancaq oxumaqdan, bilmədiklərini öyrənməkdən keçir. 

Düşünürük ki, siz bu bayram münasibətilə hansısa kitabsevəri təbrik etmək istəyirsinizsə, onları Bakı Kitab Mərkəzini birgə ekskursa dəvət edin. Əminəm ki, siz də, onlar da razı qalarlar. 

Anar TURAN,
“Xalq qəzeti”

Mədəniyyət