Təbiilikdən doğan sadəlik

post-img

Yaddaşlarda yaşayanlar

                            Mən mərhum bəstəkar Nəriman Məmmədovun adını  yetmişinci illərin əvvəllərində – hələ rayonda yaşayanda eşitmişdim. Daha doğrusu,  böyük sənətkarımız Nəsibə xanım Zeynalovanın yaratdığı Cəhri xala obrazına görə tanımışdım. Aran rayonlarımızdan hansındasa lentə alınmış “Altı qızın biri Pəri” operettasına televiziya vasitəsilə tamaşa edəndən sonra Cəhri xalanın Naxış xanım haqqında oxuduğu mahnını sevmişdim. Bu barədə  rəhmətlik  Tacəddin Şahdağlıya danışanda şair demişdi ki,  aktrisadan əvvəl mahnının bəstəkarını alqışlamaq lazımdır. İlk dəfə məhz  onda Nəriman müəllimi alqışlamışdım. 

Xatırladım ki, Nəriman müəllim həm o operettanı, həm də digər iki səhnə əsərini Tofiq Bakıxanovla birgə yazmışdır. Yəni həmmüəllifdirlər. Elə onunla şəxsi tanışlığım da 1990-cı illərdə Tofiq müəllimin evində olmuşdu. Çox yaxın dostluqları var idi. Sonralar çoxsaylı tədbirlərdə olduq,  elmi konfranslarda, yubiley tədbirlərində hər ikimiz çıxış etdik, çay süfrələrində, digər məclislərdə yanaşı əyləşdik. Ona görə də Nəriman müəllim haqqında kifayət qədər xatirələrim var. 

Evlərində iki professor var idi. Hər ikisi eyni təhsil müəssisəsinin professoru idi. Xanımı Elmira Abbasova 1977-91-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasıənın rektoru olmuşdu. Ancaq Nəriman müəllim həm konservatoriyada, həm də cəmiyyətdə  sıravi əməkdaş kimi tanınırdı. Həmişə özünü sadə, səmimi aparır, kimdənsə üstün olduğunu sübut etməyə çalışmırdı. Yadımdadır, Dövlət Radiosunun musiqi şöbəsindəki səsyazılarla bağlı hansısa məsələni həll etmək üçün onun əvəzinə Tofiq Bakıxanov zəng eləmişdi. Həmişə Səid Rüstəmovdan sitat gətirir, onun dirijorluğunu  üstün tuturdu. Dəfələrlə demişdi ki, mən hələ tələbə olanda Səid müəllim mənim “Süita”ma dirijorluq eləmişdi. 

Çox məsələlərdən incik idi. Doxsanıncı illərin sonunda bir neçə dəfə mənə demişdi ki, Mirzəbəyli, sən Mahal İsmayıloğluya de, qəzetdə bir müzakirə açıb soruşsun ki, orkestrlərimiz bu gün Azərbaycan bəstəkarlarının  20-30 il əvvəl yazdığı simfonik əsərləri nə üçün  ifa etmirlər? 2000-ci illərin ortalarında bu sualın cavabını redaktorumuz Həsən Həsənovdan almaq istəyirdi. 

Onlardan cavab gəlməyəndə üzünü mənə tuturdu: – Mənim iki əsərim – fortepiano üçün yazılmış “konsert”lərim Moskva radiosunda dəfələrlə səsləndirilib, özümüzdə niyə ifa olunmur? Axı bu əsərləri mötəbər münsiflər heyəti bəyənib, müvafiq dövlət qurumları alıb, mənə kifayət qədər qonorar veriblər. 

Yadımdadır, Nəriman  müəllimin Tofiq Bakıxanovun 80 illik yubileyindən sonra təşkil olunmuş məclisdə məndən soruşdu ki, hansı rayonda doğulub böyümüsən? Dedim Qəbələdə. Gözlədim ki, indi Qəbələnin dağından, dərəsindən, təbii gözəlliklərindən danışacaq. Ancaq soruşdu ki, “Zopu-zopu” rəqsi oynamısanmı? 

Güldüm. Sonra sırf qəbələlilərə xas digər rəqslər haqqında da danışdı. Naxçıvanda doğulub böyümüş adamın Qəbələ folkloruna bu şəkildə bələd olmasının səbəbini soruşdum. Məlum oldu ki, hələ çox illər əvvəl konservatoriya ilə yanaşı,  Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləyərkən regionlarda məlum olan xalq mahnısı və rəqsləri toplayaraq kitab tərtib edibmiş. Yeri gəlmişkən, onun özünün də onlarca mahnısı var idi. 

... Oğlu özündən xeyli əvvəl vəfat etmişdi. Mən başsağlığı verəndə dedi ki, Allah verdiyini almalıdır, aldı. Etirazım yoxdur. Ancaq oğlumun ölüm  növbəmi əlimdən alması mənə yer eləyir... O da gecdir. 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti” 

Mədəniyyət