“Sağlığında qiymət verin insanlara”

post-img

“Azərbaycanı sevin” deyərdi Cabir Novruz. Xalqa ağır günlərində hər zaman dəstək olan, insanlarda vətənpərvərlik ruhunu oyadan, meydanlarda çağırışlar edən şairlərdən idi. Onun yazdığı şeirlər hər bir insanın ürəyindən və düşüncələrindən xəbər verirdi. 

O, həm də dostcanlı, sayıb-seçdiyi insanları özünə həmdəm bilən bir şəxs olub. Beynəlxalq Muğam Mərkəzinin Cabir Novruzun 90 illik yubileyi ilə bağlı təşkil etdiyi tədbirdə də ona dəyər verən, sənətini sevən insanlar şairin işığına toplaşmışdılar. 

Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev Cabir Novruzla bağlı xatirələrində onun istedadlı şair, qeyrətli vətəndaş və namuslu bir şəxs olduğunu deyib:

“Yazıçılar Birliyində və Milli Məclisdə də birgə çalışmışıq. Eyni zamanda, qonşu olmuşuq. Cabiri həmişə gözəl bir insan, səmimi dost kimi xatırlayıram. Bir yerdə səfərdə olarkən də onu təmkinli, ağıllı, sözünü və yerini bilən biri kimi tanımışam. Çox təəssüf edirəm ki, o indi bizim aramızda yoxdur. Biz Cabirin 90 yaşını onsuz qeyd edirik. Yaxşı olardı ki, o sağ olardı və burda, bizimlə birgə doğum gününü keçirərdi. Amma, nə etmək olar, həyatdır. Bir şeirində dediyi kimi, “Sağlığında qiymət verin insanlara”. Düşünürəm ki, Cabir də sağlığında öz qiymətini almışdı və həqiqətən də daha yüksək yerlərə layiq insan idi”.

Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova Cabir Novruzun şeirlərinin onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb: “Onun şeirlərinə yazılmış bir çox ifa etdiyim mahnılar var ki, mənə hər zaman uğur gətirib. Qeyd edim ki, şairin məşhur “Bulaq suyu, dağ havası” mahnısı ilə Türkmənistan prezidenti tərəfindən qızıl medala layiq görülmüşəm. Azərbaycanda Rəşid Behbudovdan sonra ilk qadın ifaçısı kimi “Tələsin insanlar” əsərinə görə bir çox mükafatlar almışam”.

Çıxışlardan sonra yubiley tədbiri konsert proqramı ilə davam etdirilib. İfaçılar - Zaur Rzayev, Mətanət İsgəndərli, Mirələm Mirələmov, Elnarə Abdullayeva, Zakir Əliyev və digərləri şairin şeirlərinə yazılmış mahnıları ifa ediblər. 

Qiraətçilər - Sabir Məmmədov və Hüsniyyə Mürvətova Cabir Novruzun dillər əzbəri olan şeirlərini səsləndiriblər.

Sonda isə tədbirdə iştirak edən qonaqlar konsertdən çox böyük zövq aldıqlarını və Cabir Novruz şeirlərinin heç vaxt unudulmayacağını və hər zaman dillər əzbəri olacağını bildiriblər.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

   

    

    

     









Mədəniyyət