Səhnə həyatın güzgüsüdür

post-img

Şərqdə maarif və mədəniyyət Günəşi kimi doğmuş ilk milli teatr Azərbaycanda yaranıb. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub. Möhkəm əsaslar üzərində formalaşan Azərbaycan teatrı tədricən inkişaf edərək bugünkü mükəmməl səviyyəsinə çatıb. 

Milli teatrımızın təşəkkülü elə bir vaxtda baş vermişdi ki, ictimai-siyasi hadisələr fonunda köklü dəyişikliklər baş verirdi, böyük maarifçi Mirzə Fətəli Axundzadə ədəbiyyatımıza dram janrı­nı gətirmişdi və eyni zamanda xalq te­atrı peşəkar milli teatra çevrilirdi. 

Prezident İlham Əliyevin peşə­kar milli teatrımızın 150 illiyinin qeyd olunması ilə bağlı imzaladığı 3 fevral 2023-cü il tarixli sərəncamda qeyd edi­lir ki, ötən əsrin 70-ci illərində ziyalıların Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tama­şalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynayıb. Daim fəal mövqeyi ilə seçilən Azərbaycan teatrı ictimai fik­rin ön sıralarında dayanıb, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inki­şafına əhəmiyyətli təsir göstərib. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə ediblər.

Xalqımızın mədəni sərvəti hesab olunan teatrın ilk işartılarının daha əv­vəlki vaxtlara təsadüf etdiyi də bəllidir. İlk tamaşaların hələ ötən əsrin 40-cı illərində Şuşada oynanıldığı barədə ehtimallar var. Bir qədər sonra Şa­maxıda ilk teatr binası tikilib. Xalq ar­tisti, Akademik Milli Dram Teatrının ak­tyoru, Prezidentin fərdi təqaüdçüsü Əli Nur “Xalq qəzeti”nə yazdığı məktubda qeyd edir ki, "Kavkaz" qəzetinin 6 iyul 1858-ci il tarixli sayında Şamaxıda tamaşa oynanıldığı barədə məlumat var. Xəbərdə yazılıb ki, Şamaxı ziya­lıları 1857-ci il dekabrın 6-da xeyriyyə məqsədilə tamaşa veriblər. Tama­şadan əvvəl dekorasiyalar çəkiblər, tələm-tələsik afişalar yazıblar. Dalba­dal beş tamaşa oynanılıb. 

Təəssüf ki, nə Şuşada, nə də Şa­maxıda göstərilən tamaşaların hansı əsərlər əsasında oynanıldığı, kimlər tərəfindən hazırlandığı, ifaçıların kimli­yi barədə əldə hər hansı bir afişa, proq­ram, məlumat və ya resenziya yoxdur. Ona görə də milli peşəkar teatrımızın təşəkkülünü 1873-cü ildən daha əvvəl­ki tarixindən götürmək elmi-tədqiqat və tarixi dürüstlük baxımından əsassızdır. Bəlkə də nə vaxtsa həmin tamaşala­rın göstərilmə tarixlərini təsdiqləyən sənədləri əldə etmək mümkün olacaq. 

Elə buradaca vurğulayaq ki, dövlət başçısının peşəkar milli teatrın 150 il­lik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalaması teatrlarımız üçün çox əlamətdar hadisədir. Bu gün Azərbaycan teatrı üçün nəinki Bakıda, digər şəhərlərimizdə zəruri şəbəkə var, bu sənət məbədlərinin hamısında peşəkar səviyyəli tamaşalar qoyulur, yüksək səhnə mədəniyyətinə ma­lik sənətkarlar və istedadlı rejissorlar fəaliyyət göstərir. Teatr kollektivlərimiz dünya təcrübəsindən uğurla bəhrələ­nir, repertuarlarında bəşəri məzmun­lu, humanist ideyalı əsərlərə xüsusi yer ayırır, tamaşaçılarda zəruri estetik zövq formalaşdırmaq kimi şərəfli iş gö­rürlər. 

Bəli, bu aparıcı sənət sahəsinin daha da inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Hazırda özünün şanlı yubileyinə hazırlaşan peşəkar te­atrlarımızın daha böyük sənət uğurları qazanacağına inam böyükdür.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Mədəniyyət