Bu dəfə Balıkəsir silkələndi

post-img

Türkiyənin Balıkəsir vilayətinin Sındırqı bələdiyyəsində baş verən 6,1 bal gücündə zəlzələ bölgədə böyük dağıntılara və insan tələfatına səbəb olub. Rəsmi məlumata görə, zəlzələ nəticəsində 16 bina tamamilə dağılıb, 1 nəfər həyatını itirib, 29 nəfər isə yaralanıb.

Zəlzələdə həyatını itirən 81 yaşlı Nihat Önbaş dağılan 3 mərtəbəli binanın dağıntıları altında qalıb. Hadisə yerinə cəlb edilən xilasedicilər onu yaralı vəziyyətdə çıxarsalar da, xəstəxanada aparılan tibbi müdaxilələr nəticə verməyib. Onun nəşi ailəsinə təhvil verilib və İzmirdəki Soğukkuyu qəbiristanlığında dəfn olunub. Məlumata görə, dağılan bina 1998-ci ildə tikilmiş, son illərdə isə birinci mərtəbəsində əvvəlcə pidə evi, daha sonra isə aptek fəaliyyət göstərib.

Avqustun 10-da saat 19:53-də baş verən güclü təkanlar təkcə Balıkəsirdə deyil, ətrafdakı 11 vilayətdə də hiss olunub. Zəlzələ bölgə əhalisi arasında ciddi təşviş yaradıb, xüsusilə də Simav Fayı barədə sualların artmasına səbəb olub. Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, Balıkəsirdəki zəlzələ Simav tektonik plitə üzərində baş verib. Bu plitə Türkiyənin Qərbi Anadolunun mühüm seysmik zonalarından biridir və 6,1–7 bal gücündə zəlzələlər yaratmaq potensialına malikdir. Bu tektonik zona Afyon–Akşehir–Gıraverdi istiqamətindən Konya–Karaman tərəfə uzanır və Balıkəsir, Kütahya, Afyonkarahisar, Manisa və Konya kimi geniş əraziləri əhatə edir. Simav tektonik plitənin keçdiyi ərazilərdə yaşayan əhali yüksək seysmik risk altında qalır.

AFAD-ın açıqlamasına görə, əsas təkanlardan sonra bölgədə 237 afterşok qeydə alınıb, onlardan 10-nun gücü 4 baldan yuxarı olub. Xüsusilə zəlzələnin episentrinə yaxın ərazilərdə gecə boyu yeraltı təkanlar davam edib, sakinlər çadırlarda və açıq sahələrdə gecələməyə məcbur olublar.

Ümumiyyətlə, Türkiyə dünyada zəlzələlərin ən sıx müşahidə olunduğu ölkələrdən biridir. Bunun əsas səbəbi onun coğrafi mövqeyidir - ölkə Avrasiya, Afrika və Ərəb litosfer plitələrinin toqquşma bölgəsində yerləşir. Plitələrin qarşılıqlı hərəkəti nəticəsində müxtəlif tektonik zonalar formalaşıb ki, bu zonalar həm ölkənin relyefinə, həm də seysmik aktivliyinə birbaşa təsir göstərir.

Türkiyənin tektonik quruluşu onun həm təbii gözəlliklərini, həm də təhlükələrini müəyyənləşdirir. Plitə sərhədlərində yerləşməsi ölkəni davamlı seysmik aktivliyə məruz qoyur. Tarixi təcrübə göstərir ki, bu risklə mübarizə yalnız elmi araşdırmalar, mühəndislik tədbirləri və ictimai hazırlığın birləşməsi ilə mümkündür. Zəlzələ mütəxəssisləri də Simav tektonik plitə boyunca hər an yeni təkanların ola biləcəyini, bölgədə aktiv tektonik gərginliyin davam etdiyini bildiriblər. Onlar, həmçinin bölgədə tikinti standartlarının yenidən nəzərdən keçirilməsini, köhnə binaların təcili olaraq gücləndirilməsini və əhalinin maarifləndirilməsini vacib sayırlar.

Səbuhi MƏMMƏDOV 
XQ

 

Son xəbərlər