İyunun 11-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün Qazaxıstanın Astana şəhərinə işgüzar səfərə gəlib.
Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
***
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Astanada Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər ilə görüşüb.
Söhbət zamanı Ziya Öztürklər Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib. O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Türk dünyasının birləşməsi istiqamətində göstərilən səyləri qeyd edərək, bu baxımdan TÜRKPA çərçivəsində fəal əməkdaşlığın parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. O, Türk dünyasının gücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
Parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
***
Dünən Sahibə Qafarova Astanada Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə də görüşüb. Söhbət zamanı dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib.
XQ