Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.
Nazir Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi ilə görüşüb.
Nazir ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, xüsusilə qlobal iqlim dəyişikliyi fonunda təbii fəlakətlərin və texnogen qəzaların geniş vüsət aldığı müasir dünyamızda fövqəladə hallarla səmərəli mübarizə məqsədilə qarşılıqlı təcrübə mübadiləsi, ən qabaqcıl texnologiya və yanaşmaların mənimsənilməsi mühüm əhəmiyyət kəsb edir.
Hatem Odeh Al-Zoubi Azərbaycan və İordaniya arasında mövcud dostluq və sıx əməkdaşlıq münasibətləri çərçivəsində belə səfərlərin və keçirilən görüşlərin hər iki ölkənin fövqəladə halların idarə olunmasına cavabdeh qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması mərasimi olub.
Azərbaycanlı nazir səfər çərçivəsində İordaniyanın daxili işlər naziri Mazen Əl-Faraya, İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Mülki Müdafiə İdarəsinin rəisi briqada generalı Mohammad Mahmud Al-Omari ilə görüşüb.
Görüşdə, həmçinin iordaniyalı gənclərin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil imkanları geniş müzakirə olunub, təqdimat edilib.
XQ