Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə muxtar respublika və ölkə üzrə keçirilən olimpiadaların finalçıları və buraxılış imtahanlarında yüksək nəticə göstərən istedadlı şagirdlərlə görüşüb.
Görüşdə biliklərə yiyələnməyin gənclərin gələcək arzularına çatmasında müstəsna önəmini qeyd edən səlahiyyətli nümayəndə muxtar respublikada təhsilin səviyyəsindən razılığını ifadə edib. O bildirib ki, hər il yüksək nəticələr əldə edilir, muxtar respublika məktəbləri və məktəbliləri ölkə üzrə göstəricilərdə ön sıralarda qərarlaşırlar. Bu isə o deməkdir ki, gənclər təhsilin gücündən və dövlətimizin yaratdığı şəraitdən maksimum yararlanmaqla özlərini gələcəyə hazırlayırlar. Hər kəs belə istedadlı şagirdlərə dəstək olmalıdır. Çünki gənclərin təhsilinə ayrılan diqqət gələcəyə yatırılan sərmayədir.
Səlahiyyətli nümayəndə olimpiadalarda və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri təbrik edib, onların müəllim və valideynlərinə təşəkkürünü bildirib, hər bir şagirdə dərslərində, imtahanlarında və gələcək həyatlarında daha böyük uğurlar arzulayıb.
Muxtar Respublikanın təhsil naziri Elxan Nəcəfov şagirdlərin ölkə və beynəlxalq səviyyəli olimpiadalarda iştirakı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.
Fuad Nəcəfli Liseyin imkanları ilə tanış olub, sinif otaqlarında və istirahət guşəsində uğur qazanan şagirdlərlə görüşüb, yataqxana şəraiti ilə maraqlanıb. Səlahiyyətli nümayəndə Şərur Peşə Liseyi ilə də tanış olub, onun fəaliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri