Xətai Sənət Mərkəzində Ümumi Təsviri Sənət Ənənəsi (General Visual Art Tradition) qrupunun təşkilatçılığı , "Rəngarəng Zəkalar" tədris mərkəzinin dəstəyi ilə 4-18 yaş uşaq və yeniyetmələr arasında Novruz bayramına həsr olunmuş "NOVRUZ ƏNƏNƏLƏRİ" adlı rəsm sərgisi keçirildi.
Rəssam Gövhər Məmmədova sərgini giriş sözü ilə açaraq, qonaqları salamladı və bütün iştirakçılara uğurlar arzuladı.
Sonra Rəngarəng Zəkalar tədris mərkəzinin rəhbəri Sona Qurbanova çıxış edərək, sərgi iştirakçılarını təbrik etdi. Xətai sənət mərkəzinin təsviri sənət müəllimi, rəssam Gündüz Həbibova, rəssam - qrafik dizayner Vüsalə Yunusova və başqa qonaqlar uşaqlara gələcəkdə daha fəal, irəli getmələrini və daha çox çalışmalarını arzuladılar.
Xəzər Universiteti Dünya məktəbinin müəllimi Surə İbrahimova, 287 saylı Zəkalar liseyinin müəllimi Səbinə Əliyeva, Qərb tədris mərkəzinin rəssamlıq kursunun müəllimələri Vüsalə Yunusova və Ayşən Məmmədova, digər məktəblərin şagird və müəllim heyəti sərgidə fəal iştirak etdilər.
Daha sonra Qərb tədris mərkəzinin rəqs müəllimi, xoreoqraf Əli Cəfərov və Leyla Babacanovanın tələbələri rəqs performansı ilə sərgi iştirakçılarına xoş ovqat bəxş etdilər.
Sərgini daha maraqlı edən isə Novruz Bayramının atributları olan Kosa və Keçəl idi. Onlar da öz növbəsində, uşaqları əyləndirərək maraqlı bayram səhnəcikləri nümayiş etdirdilər.
Qeyd edək ki, sərginin mətbuat dəstəkçiləri azpress.az və xalqqazeti.az informasiya saytlarıdır.
Fidan
XQ