Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Dmanisi Tədris Mərkəzinin təşkilatçılığı ilə rayonun Qarabulaq kəndində həftəsonu məktəbi fəaliyyətə başlayıb. Məktəbdə müxtəlif yaş qruplarından azərbaycanlı uşaqlara ana dili və gürcü dilini dərindən öyrənmək imkanı yaradılıb.
Mərkəzin rəhbəri Kamran Xıdırov XQ-yə bildirdi ki, məktəbə ixtisaslı müəllimlər cəlb olunub, uşaqlar isə Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq göstərirlər. Onlar həftəsonu məktəbin xidmətlərindən həvəslə istifadə edirlər: “Bu məktəblərin məqsədi yeni nəslə doğma dilimizi ədəbi dil səviyyəsində öyrətməklə yanaşı, milli tariximizi, mədəni dəyərlərimizi onlara ətraflı çatdırmaqdır. Hamamlı və Qarabulaq kəndlərindəki Azərbaycan dili kurslarında gürcü dilinin də tədris olunmasını vacib hesab edirik. Bu kəndlər dağlıq zonada yerləşdiyindən onların gürcü dilini öyrənməsinə dəstəyə ehtiyac var idi”.
Məktəbin Azərbaycan dili müəllimi Etiqam İsmayılovla əlaqə saxladıq, soydaşımız dedi: “Ana dilini mükəmməl mənimsəmədən ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasından xəbərdar olub ondan bəhrələnmək çətindir. Kursa gələn uşaqlar Azərbaycanın orta məktəblərində tədris olunan “Əlifba” və “Ana sözü” dərsliklərindən istifadə edirlər. Onlara Azərbaycan yazıçılarının uşaqlar üçün yazdıqları bədii nümunələri də çatdırırıq”.
“Bazar günü” məktəbinin gürcü dili müəllimi Maya Xmaladze isə qeyd etdi ki, son illərdə Gürcüstanın ali məktəblərinə test üsulu ilə daxil olan azərbaycanlı tələbələrin sayının xeyli artmasında bu kursların xüsusi rolu var: “İki xalq arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsində, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında da bu kursların önəmi böyükdür”.
P.ƏMİRCANOV
XQ