Fevralın 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. Milli Məclisin Sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Sonra çıxış edən Sahibə Qafarova ötən sessiyanı uğurlu adlandırıb, parlamentin beynəlxalq fəaliyyətinin sessiyalar arasındakı dövrdə də davam etdiyini vurğulayıb. O, yaz sessiyasının qanunvericilik işləri planının hazırlandığını diqqətə çatdırıb.
Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.
Daha sonra gündəlikdəki 16 məsələnin müzakirəsi keçirilib. İlk 4 məsələ Milli Məclisin qərar layihələri olub. Əvvəlcə parlamentin qanunvericilik işləri planı haqqında qərar layihəsi qəbul edilib. Sonra Milli Məclisin 7 üzvdən ibarət Hesablayıcı komissiyası, 11 üzvdən ibarət İntizam komissiyası yaradılıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə məsələ ilə əlaqədar çıxış edib. Hazırda parlamentdə 103 dostluq qrupunun fəaliyyət göstərdiyini deyən Səməd Seyidov Oman Sultanlığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının vacibliyindən danışıb. O, işçi qrupunun rəhbəri qismində deputat Səbinə Salmanovanın namizədliyinin təklif edib. Milli Məclisin bu qərar layihəsi də səsə qoyularaq qəbul olunub.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in və “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihələri barədə məlumat verib. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Yubiley medalı haqqında Əsasnamədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təltif edildiyi təsbit olunur.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən söhbət açıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. Qanun layihələri bir oxunuşda səsə qoyularaq qəbul edilib.
Növbəti 2 məsələ üçüncü oxunuşda olan qanun layihələri olub. Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Qanun layihələri üçüncü oxunuşda qəbul olunub.
Növbəti beş qanun layihəsi isə birinci oxunuşda təqdim edilib. Azər Əmiraslanov “Aviasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova məlumat verib. “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Gündəliyin sonuncu məsələsi - Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
XQ