Azərbaycanın İrandakı səfirliyində 8 Noyabr - Zəfər Günü qeyd olunub

post-img

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində, İran Silahlı Qüvvələrinin nümayəndələrinin və Tehranda yaşayan azərbaycanlıların iştirakı ilə 8 Noyabr - Zəfər Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin anılması və Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə ordumuzun şanlı qələbəsini və ölkəmizin nailiyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri açan Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xüsusilə Şuşa əməliyyatı haqqında iştirakçılara məlumat verib. Həmçinin vurğulanıb ki, 2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub.

Hərbi attaşe, həmçinin Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissənin işğaldan azad olunmasının 4-cü ilinin tamam olduğunu diqqətə çatdırıb və Azərbaycan Respublikası Prezidentinin bu münasibətlə dediyi tarixi sözlərini xatırladıb, bu hadisənin ölkələrimiz arasında xüsusi önəmini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələrinin qələbəsinin yaratdığı yeni reallıqlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Azərbaycan Silahlı Qüvvələri zəngin döyüş təcrübəsi, yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində mətinliklə durmağa qadirdir və daim hazırdır.

İran Ordusunun Xarici Əlaqələr və Protokol İdarəsinin rəisi polkovnik Səməd Vəfai də çıxış edərək şəhidlərin xatirəsini hörmətlə yad edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tarixi, 8 Noyabr - Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb. O, həmçinin Azərbaycan Respublikasının sülhdə maraqlı olduğunu qeyd edərək, İran İslam Respublikasının daim Azərbaycanın ərazi bölüvlüyünü və Azərbaycan-Ermənistan arasında sülh prosesini dəstəklədiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə uzun zaman Ermənistanın təcavüz və işğalından əziyyət çəkmiş Azərbaycanın şanlı Qələbəsinin beynəlxalq hüququn bərpası və ədalətin təntənəsi olduğunu bildirib. Ermənistanın 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlarının və 2020-ci ilin sentyabr ayında başlatdığı irimiqyaslı hərbi hücumun müharibəni qaçılmaz etdiyini diqqətə çatdıran səfir, Müzəffər Ali Baş Komandanın qətiyyətli və müdrik rəhbərliyi, xalqımızın möhkəm birliyi, şəhidlərimizin fədakarlığı, hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı ilə Ermənistanın kapituliasiya aktına imza atmağa məcbur edildiyini qeyd edib.

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı göstərdiyi səylərindən, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi genişmiqyaslı abadlıq və yenidənqurma işlərindən, yatırılan investisiyalardan söhbət açan səfir, bunun Azərbaycanın sülh niyyətlərinin və məqsədlərinin bariz nümunəsi olduğunu və Ermənistanın da sülh niyyəti göstərərək konstitusiyasına düzəlişlər etməsi, Azərbaycana qarşı ərazi iddialarından rəsmi əl çəkməsinin gərək olduğunu bildirib.

Səfir Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin yeni ünvanda bərpa edilməsindən sonra ilk olaraq Zəfər Gününün bu binada qeyd edilməsinin də əlamətdar olduğunu vurğulayıb, Azərbaycanın dost və qardaş İranla əlaqələrə verdiyi önəmdən, hazırda ikitərəfli əlaqələrin və qarşılıqlı əməkdaşlığın uğurla inkişafından söhbət açıb, İranın Azərbaycanın ədalətli mövqeyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib.

Əli Əlizadə qəhrəmanlıqları əbədi olaraq xatırlanacaq şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək tarixi qələbəmiz - Zəfər Günü münasibətilə, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik edib.

Tədbir, ziyafət və Azərbaycana aid musiqilərin səsləndirilməsi ilə davam edib.



Son xəbərlər