Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

post-img

Oktyabr ayının 25-də Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınan qəsəbədə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev, rayon ağsaqqalları və ziyalıları, Cəbrayıl RİH-in əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbir iştirakçılarını salamlayaraq, respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da hər zaman  böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların səmərəli fəaliyyətindən söz açıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişləri əsasında  Cəbrayıl rayonunda aparılan genişmiqyaslı yenidənqurma və  tikinti-quruculuq işlərindən də bəhs edib. Artıq dörd ildir işğaldan azad olunan doğma yurda qayıdan Cəbrayıl sakinlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildirib.  

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən dövr ərzində erməni işğalı nəticəsində öz doğma ev-eşiklərini tərk edərək ölkəmizin müxtəlif bölgələrində məskunlaşan rayon əhalisi, o cümlədən də ağsaqqallar öz aktiv ictimai fəaliyyətlərini davam etdiriblər. Harada yaşamalarından asılı olmayaraq, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri hər zaman dövlətə dəstək olublar, aktual mövzularla bağlı bir çox tədbirlərdə, yığıncaqlarda iştirak və çıxışlar ediblər, şəhid ailələrinin üzvləri və qazilərlə, həmçinin orta və ali məktəblərdə gənclərlə görüşlər keçiriblər, onlarla vətənpərvərlik ruhunda maarifləndirici işlər aparıblar. O, ölkə başçısı qarşısında Cəbrayıl ağsaqqalları adından çıxış edərək öz minnətdarlığını  bildirdiyini də vurğulayaraq əlavə edib ki, artıq 4 oktyabr tarixini - dədə-baba yurdumuzun işğaldan azad olunduğu tarixi Cəbrayıl şəhər günü kimi böyük sevinc və təntənə ilə qeyd edirik. 

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında Cəbrayılın düşmən tapdağından azad edilməsinin dördüncü ildönümü münasibətilə cəbrayıllıları ürəkdən təbrik edərək növbəti tədbirlərin tezliklə Azərbaycanın o gözəl guşəsində keçirilməsini arzulayıb.  O, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizdən, əsgər və zabitlərimizin şücaətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib. “Xoşbəxt xalqıq ki, bizə möhtəşəm Qələbə bəxş edən, Azərbaycana davamlı uğurlar qazandıran cənab İlham Əliyev kimi Prezidentimiz və Ali Baş Komandanımız var”, – deyə vurğulayıb. Natiq daha sonra ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışaraq, bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Çıxışının sonunda Bayram Yusifov Cəbrayıl  Rayon Ağsaqqallar Şurasının gördüyü işləri qənaətbəxş hesab edərək, öz tövsiyə və təkliflərini  tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra təşkilati məsələlər müzakirə olunub. Cəbrayıl Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. I Qarabağ müharibəsi veteranı, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü Vaqif Məhərrəmov yenidən yekdilliklə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov ona və digər ağsaqqallara göstərilən etimada görə hər bir kəsə öz minnətdarlığını ifadə edərək, Şuranın uğurlu fəaliyyəti üçün gələcəkdə də əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

XQ

 

 

 

 

 

 







Son xəbərlər