Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok Azərbaycan auditoriyasına “TikTok For Business” platformasını təqdim edib.
Platformanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ictimai əlaqə rəhbəri Kristina Yevgeniyevna mərasimdə bildirdi ki, bu platforma Azərbaycanda da bir çox yerli şirkətlərlə əməkdaşlıq mövzusunda əsasa çevriləcək. Bu ildən etibarən, ölkədə fəaliyyət göstərən bir sıra şirkətlər TikTok-da reklam yerləşdirə və çoxlu izləyici qazana biləcək.
TikTok-un Azərbaycan, Türkiyə, Mərkəzi və Cənubi Asiyada “Global Business Solutions” departamentinin rəhbəri Barış Aldanmaz isə vurğuladı ki, gələcəkdə bu platforma biznes vəzifələrinin də təsirli həllinə kömək edəcək: “Bu platformanın əsas özəlliyi reklam mesajlarını təkcə auditoriyaya çatdırmaq imkanından ibarət deyil, eyni zamanda, brendlər istifadəçilərlə ortaq dildə ünsiyyət quraraq, onların etibarını və sevgisini qazana bilərlər. “TikTok for Business” yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər inkişaf proseslərini özündə birləşdirir. Biz Azərbaycanda bir çox şirkətlərin TikTok-un imkanlarını kəşf etməsinə və bizimlə əməkdaşlıq etmələri üçün onlara dəstək oluruq”.
Qeyd edək ki, bu platformadan dünyada 1 milyarddan çox insan istifadə edir. TikTok müxtəlif yaş kateqoriyalı, fərqli maraq və hobbili insanları əhatə edir.
Fidan SALMANOVA
XQ