Şuşada din və media mövzusunda seminar

post-img

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar öz işinə başlayıb. 

Tədbirdə Daxili İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkə­zi, Medianın İnkişafı Agentliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Mətbuat Şurası və digər qurumların nümayəndələri iştirak ediblər. 

Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Nazirlər Kabineti Aparatı­nın Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxış ediblər. Çıxışlar­da Azərbaycanda dövlət-din münasibətlə­ri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, me­dia qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqın­da jurnalistlərin biliklərinin artırılmasına nail olmaq baxımından seminarın əhəmiy­yəti vurğulanıb. Seminarın Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyətə və mənəvi dəyərə malik olan Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Seminarın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən “Dini etiqad azadlığı və azad media: sər­hədlər haradan başlayır?” adlı ilk sessiya­sında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsə­nov, “Azərbaycan Televiziya və Radio Veri­lişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Azərbaycan Mətbuat Şu­rasının icraçı katibi Əvəz Rüstəmov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb­lər. 

Günün sonunda iştirakçılar üçün Şuşa­dakı tarixi, dini abidələri əhatə edən medi­atur təşkil edilib.

XQ

Son xəbərlər