Belarusda səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu ölkənin fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ilə görüşüb.
Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzində keçirilən görüşdə nazir Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin köklərə malik çoxşaxəli əlaqələrin Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun siyasi uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb.
K.Heydərov qeyd edib ki, fövqəladə halların idarə edilməsi sahəsində iki ölkənin fövqəladə hallar nazirlikləri arasında sıx əməkdaşlıq münasibətləri formalaşıb. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir bu səfər çərçivəsində imzalanacaq müvafiq sənədin münasibətlərin dərinləşməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib.
Kəmaləddin Heydərov belaruslu həmkarını Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının sədri seçilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Minskdə keçirilən MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirakına və təbrikinə görə Kəmaləddin Heydərova təşəkkürünü bildirib.
Belaruslu nazir hər iki dost ölkə arasında dövlət başçılarının məqsədyönlü fəaliyyətləri sayəsində ildən-ilə genişlənən əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə hallarla mübarizə sahəsində iki qurum arasında yüksək səviyyəli əlaqələrin formalaşmasından məmnunluq ifadə edib. Qarşılıqlı səfərlərin, aparılan müzakirələrin münasibətlərin daha da genişlənməsində faydalı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı il oktyabrın 17-də tarixində Minskdə imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planı”nın imzalanması mərasimi olub. Kompleks Planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski imzalayıb.
XQ