İqtisadi Şura və İnvestisiya Holdinqi Müşahidə Şurasının birgə iclası

post-img

Azərbaycan Respublikasının İqtisadi Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iyunun 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 avqust tarixli 4078 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti, o cümlədən Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti) hazırlıq vəziyyəti, dövlət müəssisələrinin kommersiya və maliyyə təhlilləri, hər bir müəssisə üzrə fərdi yol xəritəsi, özəl investisiyaların cəlb edilməsi üzrə qanunvericilik bazasına tələb olunan dəyişikliklər, həmçinin biznesə yönəlik dövlət xidmətləri və digər cari məsələlər ətraflı müzakirə olunub.  

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. 

İclasın yekununda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla, müzakirə edilən məsələlər barədə qərarlar qəbul olunaraq aidiyyəti qurumlara və AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.    

Qeyd edək ki, iclasda dövlət müəssisələrinin rəhbər şəxsləri də iştirak ediblər. 

XQ

 

Son xəbərlər