Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

post-img

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə ictimai maraq nəzərə alınaraq, mayın 3-də Xətai rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib. Tədbirdə media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.  

Toplantı ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə təşkil olunmuşdu. Bu barədə danışan Xətai rayon prokuroru Sərdar İmanov rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə görülən işlər barədə məlumat verdi.

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası istiqamətində gördüyü kompleks işlər barədə məlumat verdi, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs etdi.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliyin qorunması, tullantıların, zərərli kimyəvi maddələrin idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib. 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsinin böyük prokuroru Şəbnəm Məmmədova ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərək, bəzi statistik göstəricilərə toxunub. 

Həmçinin, tədbir zamanı rayon prokurorluğunun əməkdaşları tərəfindən fəaliyyət sahələri üzrə dinləyicilərə ətraflı məlumatlar verilib.

İştirakçılar inzibati binavə burada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş etdirilib.   

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Prokurorluq orqanlarında görülmüş işlərlə bağlı videoçarxı izlədikdən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər