Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının TOMRİS beynəlxalq sərgisi açılıb. Ekspozisiyanı Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkil edib.
Sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur. Açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova xalqımızın qadın hökmdarı Tomrisin Türk dünyasının mərkəzi fiqurlarından biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, sərgi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir.
TÜRKSOY-un Baş katibi Sultan Rayev isə qeyd edib ki, sərgi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Türk dünyası xalqlarının qadınlara verdiyi önəmi vurğulamaq məqsədilə ilk qadın hökmdar və sərkərdə olan Tomrisə həsr edilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, belə sərgilərin keçirilməsi ortaq kökləri olan türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir.
Qazaxıstan Rəssamlar İttifaqının üzvü Batagöz Toleş, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədov, Xalq rəssamı Sakit Məmmədov sərgi haqqında fikirlərini bölüşüblər.
Sonra sərgidə əsərləri nümayiş olunan rəssamlara TÜRKSOY mükafatı təqdim edilib. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.
XQ