Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Bununla bağlı Volodimir Zelenski “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımında Volodimir Zelenski İlham Əliyevə Azərbaycan xalqının rifahı naminə bundan sonra da uğurlu və məhsuldar fəaliyyət arzulayıb.
“Mən ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm. Dövlətimizin azadlıq mübarizəsinin tarixi dövründə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq”, - deyə Ukrayna Prezidenti bildirib.
“Prezident Əliyevlə şəxsi konstruktiv və etibarlı münasibətimi, razılaşmaların həyata keçirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm. Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji əlaqələr yalnız möhkəmlənəcək”, - deyə Volodimir Zelenski təbrikində vurğulayıb.
***
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Nikolas Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezidenti İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”
***
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Kuba Prezidenti X sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.

