Azərbaycan Mətbuat Şurası medianı məsuliyyətli olmağa çağırır

post-img

Mətbuat Şurasının Azərbaycanın lokal antiterror tədbirləri ilə bağlı ölkənin media qurumlarına və sosial şəbəkə istifadəçilərinə müraciətində mövzunun işıqlandırılmasına  xüsusi həssaslıqla yanaşmaq çağırışı ifadə olunub.

Sənəddə qeyd edilir ki, Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə başlanılmış lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzindədir: “Jurnalistlərimiz bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirlər. Lakin müxtəlif sosial şəbəkə profillərində anti-terror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər yayılmaqda, subyektiv fikirlər səslənməkdədir. 

Belə hallar əvvəllər, xüsusən 44 günlük Vətən müharibəsi zamanı da müşahidə edilib. Eyni zamanda, qeyri-rəsmi məzmun daşıyan, bəzən məqsədli şəkildə dövriyyəyə buraxılmış görüntülərin ayrı-ayrı media orqanlarında xəbər kimi təqdimatı, süni ajiotaj yaratmaq meyilləri nəzərə çarpıb”.

Müraciətin sonunda Azərbaycan Mətbuat Şurası ölkəmizin media subyektlərini, cəmiyyətə informasiya vermək öhdəliyini öz üzərinə götürmüş ayrı-ayrı şəxsləri, müstəqil jurnalistləri mövcud şəraitin həssaslığını nəzərə almağa çağırır: “İndiki halda jurnalistika prinsiplərinə ən böyük sadiqlik qeyd edilən video-görüntüləri, eləcə də rəsmi təsdiqini tapmamış bilgiləri yaymamaq və paylaşmamaqdır. Nəzərə alınmalıdır ki, belə halların cəmiyyətdə çaşqınlıq yaratmaq ehtimalı böyükdür”.

XQ

 

Son xəbərlər