Marneuli rayonunun Yuxarı Saral kəndində yeni məscidin açılışı olub

post-img

Gürcüstanın Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində yeni inşa olunan İmam Zaman (ə) adına məscidin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Gürcüstan parlamentinin seputatı Zaur Darğallı, Marneuli meri Kənan Ömərov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndələri, Azərbaycan, Türkiyə və İranın ölkədəki səfirliklərinin əməkdaşları, dini ictimaiyyətin mətbuatın nümayəndələri iştirak ediblər. 

Müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayan mərasimdə çıxış edən məscidin axundu seyid Mirağa Mustafayev bu ibadət evinin inşasına görə kənd sakinləri adından minnətdarlığını bildirib. 

Şeyx Hacı Ramin İgidov məscidin tarixçəsi və təşəbbüskarı haqqında danışaraq bildirilib ki, 1998-ci ildə Yuxarı Saral kəndində ilk məscid xeyriyyəçi Rəhim Hüseynovun maddi vəasiti hesabına inşa olunub. Şeyx, həmçinin, son illərdə Gürcüstanda yeni inşa olunan məscidlər, aparılan bərpa və təmir işləri, məscidlərin xalça və səsgücləndiricilərlə təmin olunması haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Gürcüstanda olan məscidlər haqqında 460 səhifəlik iri həcmli kataloq hazırlanıb. Üç hissədən ibarət albomda 70 tarixi, 303 istifadədə olan məscid və 44 mövsümi ibadət məkanı olmaqla ümumilikdə 417 məscid və ibadət evi yer alıb. 

Daha sonra çıxış edənlər kənd sakinlərini təbrik edib, kənd sakini, iş adamı, xeyriyyəçi Hüseynov Rəhim Həsən oğluna gördüyü müqəddəs əməldən dolayı təşəkkür ediblər. Mərasimdə Rəhim Hüseynova xatirə olaraq Quran-Kərim və hədiyyələr təqdim olunub.

 Rəhim Hüseynov bildirib: “Xeyriyyəçilik mənə atamdan miras qalıb. Məscidi də onun tövsiyəsi ilə inşa etməyə başladım. Köhnə məscid bugünkü tələblərə cavab vermirdi. Onu Azərbaycan memarlıq üslubunda yenidən inşa etməyə qərar verdim. Çalışıram ki, gücümü təkcə məscid tikməklə deyil, digər işlərimlə xalqımın rifahının yaxşılaşmasına sərf edim. Bu günlərdə Arxılı sakinləri də kənddə məscidin bərpa olunması barədə mənə müraciət etmişdi. Hökmən onların arzusunu da yerinə yetirəcəyəm. 

Bundan əlavə, Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşunu generalı (1916), Rusiyanın imperator ordusunda ilk və yeganə müsəlman general-adyutantı, Naxçıvan xanları ailəsinə mənsub olan Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanskinin Tambov şəhərində böyük bir məktəbdə abidəsinin ucaldılmasında bir azərbaycanlı kimi iştirak etmişəm və bundan qürur hissi duymuşuq.

Ümumiyyətlə, düşünürəm ki, bu gün Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə biz, Rusiyada yaşayan azərbaycanlılar daha sıx əlaqə qurmalıyıq. Diaspor Komitəsinin bütün dünyada, eləcə də Rusiyadakı fəaliyyətinə iş adamları daim dəstək verməliyik. Komitənin Rusiyada diasporla bağlı fəaliyyəti səmərəli və xalqımız üçün çox vacibdir”.

Qeyd edək ki, Hüseynov Rəhim Həsən oğlunun maddi vəsaiti hesabına inşa olunan yeni məscid kompleksi şərq memarlıq üslubuna aiddir. Məsciddə günbəz və minarələr, həyətində əlavə olaraq dəstəmazxana, kitabxana, muzey, iclas otağı, mərasim və ehsan salonu da inşa edilib.

Nəriman ƏLİYEV

 

 















Son xəbərlər