Azərbaycan və Türkiyənin xarici işlər nazirləri görüşüblər

post-img

İyulun 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla görüşüb.

Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniş tərkibli görüşdə Azərbaycan və Türkiyə arasında çoxşaxəli ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündə­liyində duran aktual məsələlər, o cümlə­dən bölgədə mövcud vəziyyət müzakirə olunub.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik müna­sibətləri haqqında Şuşa Bəyannaməsi”­nin ölkələrimiz arasında münasibətlərin inkişaf tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirən nazir Ceyhun Bay­ramov bundan sonra da əlaqələrimizin genişləndirilməsi istiqamətində əməli addımların atılacağını əminliklə vurğu­layıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Ermənistanın mövcud sülh gündəliyinin irəlilədilməsinə hədə törədən təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 

Ermənistanın destruktiv mövqeyi və addımlarına baxmayaraq, Azərbaycanın sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu diqqətə çatdırılıb. Bu xüsusda bölgədə bütün kommunika­siyaların açılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov bağlantıların bərpa­sının Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə dair inam ifadə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğu bildirilib. 

Azərbaycan tərəfindən bölgədə apa­rılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, o cümlədən sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlərin bölgədə davamlı sülhün bərqərar edilmə­sində mühüm rol oynadığı vurğulanıb.

Görüş zamanı, həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Orta Asiya ölkələri ilə üçtərəfli və dör­dtərəfli formatlar çərçivəsində birgə təd­birlərin, eləcə də digər çoxtərəfli təşəb­büslərin daha da genişləndirilməsinin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb. 

Daha sonra keçirilmiş mətbuat bri­finqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla gö­rüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli, regional for­matlar, BMT, İƏT, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri mü­zakirə olunub.

“Xalq qəzeti”

Son xəbərlər