Proksi müharibələrə qarşı birgə mübarizə

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin təmsil olunduğu “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda Bakı Təhlükəsizlik Forumu keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mət­buat xidmətindən bildirilib ki, giriş nitqi ilə tədbiri açıq elan edən Dövlət Təhlükəsiz­liyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev qonaqları səmimi salamlayaraq Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib, ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiy­yətinə toxunaraq bu təşəbbüsün reallaş­masında göstərdiyi dəstəyə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

General-polkovnik Əli Nağıyev yeni nəsil müharibə üsulu olan və birbaşa hər­bi güc tətbiqini istisna edən proksi müha­ribələrin ölkələrin təhlükəsizliyinə nüfuz və ya təsir etmə vasitəsi olduğunu, prok­si şəbəkələrin fəaliyyətinin bəzi terrorçu qruplar, radikal-ekstremist və separatçı qüvvələr tərəfindən dövlətlərdə mövcud sabitliyin pozulmasına yönəlmiş təxribat xarakterli əməllər - terror aktları, əhali arasında qorxu və vahimə yarada bilən digər cinayət hadisələri törətmək, insan­lar arasında nifrət, düşmənçilik hisslərini aşılamaq, kibercinayətkarlıq və s. forma­da təzahür etdiyini nəzərə çatdırıb.

Proksi qrupların pozuculuq fəaliyyə­tinin doğurduğu təhdidlərlə mübarizədə ölkələrin səylərinin birləşdirilməsinin va­cibliyinə diqqət çəkən general-polkovnik Əli Nağıyev Bakı Təhlükəsizlik Forumu­nun bunun üçün uğurlu başlanğıc olaca­ğına, konfrans çərçivəsində aparılacaq müzakirələrin, veriləcək təkliflərin birgə əməkdaşlığın səmərəli təşkilinə əlverişli zəmin yaradacağına inamını ifadə edib.

Ardınca proksi şəbəkələrdən bəhs edən videoçarx nümayiş olunub, sonra xarici nümayəndə heyətlərinin rəhbər­lərinin tədbirin mövzusu ətrafında geniş məruzələri, beynəlxalq təhlükəsizlik sis­teminin üzləşdiyi mənfi təzahürlərlə bağlı çıxışları dinlənilib. Onlar müasir dövrün aktual problemlərindən olan proksi şə­bəkələrin destruktiv fəaliyyətinə həsr olunmuş tədbirin beynəlxalq səviyyədə vacibliyindən söhbət açaraq, həmin möv­zuda ilk dəfə keçirilən tədbirin təhlükəsiz­lik sahəsində dövlətlərarası münasibət­lərin inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonda beynəlxalq konfransın bütün iştirakçılarının mövqeyini əks etdirən Bəyannamənin ilkin variantı rəy və tək­liflərin alınması üçün tərəfdaş ölkələrə təqdim olunub, habelə Azərbaycan təh­lükəsizlik orqanlarının fəxri və əbədi rəh­bəri, mənalı ömrünün böyük hissəsini bu orqanlarda xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq təsis edilmiş müvafiq fo­rumun gələcəkdə də keçirilməsi qərara alınıb. 

“Xalq qəzeti”

Son xəbərlər