Qazax Müəllimlər Seminariyası ADA universiteti ilk tədbirini Ulu Öndərə həsr etdi…

post-img

Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Dünya Türkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli ideologiyamızın formalaşmasında və mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransını keçirib.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış Memorial Abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə gül dəstələri düzərək bütün şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla anıblar.

Tədbirdə Dünya Türkologiya Mərkəzinin sədri, türkoloq Güllü Yoloğlunun ssenarisi əsasında çəkilmiş "Heydər Əliyev və Dədə Qorqud" sənədli filmindən fraqment təqdim olunub.

Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü tədbiri giriş sözü ilə açaraq ADA Universitetinin rəhbərliyi tərəfindən bərpa olunaraq yenidən həyat verilən Qazax Müəllimlər Seminariyasında qonaqları salamlamış, Ulu Öndərin təhsil sisteminin inkişafına verdiyi töhfədən, təhsil tariximizə olan diqqət və ehtiramından danışıb. Qeyd edib ki, Ümummilli Lider Qazax Müəllimlər Seminariyasının açılması üçün var qüvvələri ilə çalışmış Firidun bəy Köçərli və silahdaşlarının əməyini fədakarlıq və əsl vətənpərvərlik adlandırmış, Seminariyanın fəaliyyətinə yüksək qiymət verərək onun Azərbaycan təhsil tarixində xüsusi yerini, bu Seminariyanın respublikanın digər bölgələri üçün müəllim kadrları hazırladığını, adları Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn kimi ədəbiyyat xadimlərinin bu Seminariyanın ilk məzunları olduğunu vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxş edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Rayon rəhbəri belə bir tarixi təhsil ocağının bərpa olunaraq yenidən istifadəyə verilməsində böyük əməyi olan ADA universitetinin rektoru, hörmətli Hafiz Paşayevə dərin minnətdarlığını bildirib. 

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qazax Müəllimlər Seminariyasının yenidən bərpa edilməsində əziyyəti keçən insanlara minnətdarlığını bildirib. Seminariyanın bərpa edilməsini Azərbaycan təhsilinə verilən qiymətin bariz nümunəsi kimi qiymətləndirib. Ulu Öndər Heydər Əliyevlə olan görüşlərini, xatirələrini bölüşən Güllü Yoloğlu dahi şəxsiyyəti hər zaman ehtiramla yad etdiyini bildirib. 

BDU-nun Qazax filialının kafedra müdiri əvəzi İradə Arıxova, BDU-nun Qazax filialının müəllimi Həqiqət Mehdiyeva, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllimi Aygün Bayramova , Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimi Məlahət Abdullayeva və başqaları çıxış edib.

Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri

         

 









Son xəbərlər