Azərbaycanda “Kərimə” dövlətini qurmaq istəyən “müqavimətçi dəstə” saxlanıldı

post-img

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorlu­ğu birgə məlumat yayıb.

Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sa­kini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazi­sində silahlı iğtişaşlar törətməklə haki­miyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşu­nun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” döv­lətinin qurulması məqsədilə “müqavimət­çi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axun­dzadə və Bəxtiyar Bayramovun göstə­rişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa Rufulla Axundza­də Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tap­şırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyət­də “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insan­ların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə et­dikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliy­yələşməsinə sərf ediblər.

Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

“Xalq qəzeti”

Son xəbərlər