Ballıcalılar taxılçılığı dirçəldirlər
Baharın gəlişi Xocalının əsrarəngiz gözəlliklərinə gözəllik qatıb, yaşıl donunu geyinmiş çöllər, çəmənlər gülə-çiçəyə bürünüb. Əzəli sakinlərinin dönüşü rayonda uzun illərdən sonra əkinçiliyin inkişafına da zəmin yaradıb. İndi bu bərəkətli torpaqlar insan əməyi sayəsində yenidən canlanır.
2025-2026-cı il təsərrüfat ilində ilk dəfə olaraq yerli əhali tərəfindən Ballıca kəndinin ərazisində dənli bitkilərin əkini həyata keçirilib. Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Habil Rzaquliyevlə söhbət zamanı öyrəndik ki, ötən il rayonun Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb:
– Bu obaların sakinlərindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 2 mərhələdə, ümumilikdə, 177 müraciət daxil olmuşdu. Müraciətləri təsdiqlənmiş şəxslərdən 64 nəfər tərəfindən 8 kooperativ, 28 nəfər tərəfindən isə 8 ailə-kəndli təsərrüfatı formalaşdırıldı və Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə təsərrüfatların üzvləri arasında icarə müqavilələri imzalandı.
Mərkəz direktorunun sözlərinə görə, Xocalının ilk femerləri təsərrüfat ilinin əvvəlindən aqrar sahədə dövlət dəstəyi tədbirləri, KTN-in tabeliyində olan qurumlar tərəfindən göstərilən xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alınmasının maliyyələşdirilməsi barədə məlumatlandırılıblar. Onlara, həmçinin kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti və aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı da maarifləndirici sessiyalar təşkil edilib, fermerlərin Xankəndidə keçirilən Aqrar Biznes Festivalında iştirakları təmin olunub.
H.Rzaquliyev 2025-2026-cı il təsərrüfat ilində Ballıca kəndində fermerlər tərəfindən 153 hektar sahədə dənli bitkilər əkildiyini bildirdi. Əkin zamanı sakinlərin texnika sarıdan problemlərlə üzləşməmələri üçün əlaqələndirici tədbirlər görülüb. İcarədarların qanunvericiliyə uyğun olaraq subsidiya almaları üçün isə zəruri məlumatlar EKTİS-ə yüklənilib. Yəni fermerlər tezliklə dövlətin daha bir qayğısından yararlana, əkin sahəsinin həcminə və məhsulun növünə görə subsidiyalar ala biləcəklər. Bu da doğma torpaqları həvəslə əkib-becərən xocalılılar üçün əlavə bir stimul olacaq.
Ötən ilin sonlarında rayonunun Ballıca kəndində Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı və PAŞA Holdinqin maliyyə dəstəyi ilə AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində “Ballıcanının ilk AFAQ-çıları” adlı toplantı keçirilib. İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişafına yardımçı olmaq və xüsusilə qadın fermerlərin bu sahədə fəallığını artırmaq, onların dayanıqlı təsərrüfatlar qurmasına şərait yaratmaq məqsədilə təşkil edilən tədbir çərçivəsində, ümumilikdə, 53 qadına dəstək göstərilib, hər birində 5 qadının yer aldığı “Güllü yaylaq” və “Qızıl pətək” kooperativləri təsis edilib.
Bu kooperativlər kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə məşğul olacaq. Nəticədə kənd qadınlarının həm məşğulluq, həm də gəlir imkanları genişlənəcək. Fermerlərin təsərrüfatlarını inkişaf etdirmələrinə dəstək məqsədilə AFAQ layihəsi çərçivəsində yerli sakinlərə 86 ədəd avadanlıq və 18 ton yem verilib, həmçinin onlara sertifikatlar təqdim edilib.
Xocalıda ilk kooperativlərin və ailə-kəndli təsərrüfatlarının yaradılması, ata-baba yurdlarına dönmüş sakinlərin doğma torpaqları əkib-becərmələri azad Qarabağımızda kənd təsərrüfatınn inkişafına böyük töhfədir.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

